“Ola bilsin ki, Sumqayıt qeydiyyatında olan hansısa maşın hardansa keçərək paytaxta daxil olub. Ümumilikdə isə, istər Sumqayıt qeydiyyatında, istərsə də rayon qeydiyyatında olan maşınların paytaxta girişinə qadağa qoyulub”.
Bu sözləri “Qafqazimfo”ya açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev deyib.
O bildirib ki, bu gün səhər saatlarında özü də Bakı qeydiyyatında olmayan avtomobillərin saxlanması üçün ayrılmış ərazidə olub: “Mən Sumqayıt qeydiyyatında olan maşınların paytaxta buraxıldığının şahidi olmamışam. Sumqayıt sakinləri üçün artıq qatar da istifadəyə verilib. Mən inanmıram ki, kimsə bu əlverişli qatardan imtina edib maşınla hərəkət etmək istəsin. Belə ki, qatarla Bakıya 40 dəqiqəyə çatmaq mümkündür. Avtomobillə isə xeyli gec çatmalı olursan. Mən həmçinin sürücülərimizə də təşəkkür edirəm ki, verilmiş bu qərara hörmətlə yanaşdılar. Səhər saatlarından etibarən onlar üçün nəzərdə tutulmuş ərazidə avtomobillərini saxladılar və ictimai nəqliyyatdan istifadə edərək paytaxta daxil oldular”.