Bu gün səhərdən etibarən Bakı qeydiyyatında olmayan avtomobillərin paytaxta girişi qadağan edilir.
“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, sentyabrın 15-dən Bakı qeydiyyatında olmayan avtomobillər səhər saat 07:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacaqlar. Onlar yalnız gecə saat 24:00-dan səhər saat 07:00-a qədər Bakıya daxil ola bilərlər.
Bakıya fərdi avtomobili ilə gələnlər nəqliyyat vasitəsini şəhərin cənub və şimal girişlərində yaradılan dayanacaqlarda saxlamalı olacaqlar. Bununla əlaqədar paytaxta şimal və cənub istiqamətlərindən gələn avtonəqliyyat vasitələri üçün Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 17-ci kilometrliyində yerləşən və “VAZ yol qovşağı” adlanan sahədə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində, Lökbatan qəsəbəsi yaxınlığındakı duracaqlar yaradılıb.
Hələlik 2 duracaq istifadəyə verilib. Yaxın gələcəkdə onların sayı 3-ə çatdırılacaq. Belə ki, daha bir analoji duracaq Müşfiqabad qəsəbəsi yaxınlığında inşa edilir.
Duracaqlardan istifadə ödənişsiz olacaq. Buradakı kondisioner və kombi sistemi ilə təchiz edilmiş ictimai iaşə binasında sürücü və sərnişinlər üçün gözləmə zalı, kafe, ana-uşaq otağı, tibb otağı, kişi və qadınlar üçün sanitar qovşaqları, bundan başqa, yol polisi əməkdaşları üçün xidməti otaqlar var.
Qeyd edək ki, Baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov bir neçə gün əvvəl bildirmişdi ki, sentyabrın 15-dən etibarən Bakı qeydiyyatında olmayan avtomobillər səhər saat 07:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacaq. Bu avtomobillər şəhərin cənub və şimal girişindəki duracaqlarda saxlanılacaq. Həmin avtomobillər yalnız gecə saat 24:00-dan səhər saat 07:00-a qədər Bakıya daxil ola bilərlər.
A.Şərifov həmçinin deyib ki, yol polislərinə xəstə insanların olduğu minik avtomobillərinin Bakıya buraxılmasına problem yaradılmaması barədə tapşırıq verilib.