Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Uruqvayın xarici işlər nazirinin müavini Xose Luis Kanselanı qəbul edib.
"Qafqazinfo" xəbər verir ki, Məmmədyarov Azərbaycanın xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edərək, Azərbaycan ilə Uruqvay arasında əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb.
Görüş əsnasında bu səfərin iki ölkə arasında əlaqələrin inkişafı baxımdan mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunaraq, gələcəkdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyini vurğulanıb.
Nazir Elmar Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu deyərək Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında danışıb.
Ermənistanın BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrinin tələblərinə riayət etmədiyini deyən Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu deyib.