Hazırda Milli Məclisin növbədənkənar iclası keçirilir.
“Qafqazinfo” xəbər verir ki, sessiyanın çağırılmasında məqsəd Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamənin müzakirə edilməsidir. Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək bildirib ki, sentyabrın 10- da növbəti siyasi aksiya təşkil edilib: “Konstitusiya uyğun olaraq 49 deputat qətnamə ilə bağlı növbədənkənar sessiyanın çağırılması üçün mənə müraciət etdilər. Biz dəfələrlə Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinin şahidi olmuşuq. Bu dəfə isə Avropa Parlamenti bütün çərçivələri keçib. Bütün beynəlxalq davranış qaydaları pozularaq tərbiyəsizcəsinə Azərbaycanın siyasi hakimiyyətə qarşı çıxış etdilər. Mən, Valeh Əlsəgərov, Ziyafət Əsgərovla birgə həmin iclası canlı izlədik. Bir daha gördük ki, nə qədər qərəzli mövqe tutublar. Əvvəllər parlamentin iclaslarında Avropanı narahat edən problemlər müzakirə edilirdi. Əvvəl iclaslarda 50- 60 nəfər güclə iştirak edirdi. Bu dəfə isə tamam fərqli olaraq 635 nəfər depupat Azərbaycanla bağlı müzakirələr apardı”.
Onun sözlərinə görə, bu qətnamənin qəbul edilməsində məqsəd Azərbaycanı Avropadan tərcrid etmək, onun nüfuzuna zələl gətirmək, Dağlıq Qarabağ probleminin həllinin gecikdirilməsinə nail olmaqdır: “Bütün bunlar Dağlıq Qarabağın müstəqilliyinə xidmət edən amildir.
Azərbaycanın “dostu” xanım Lunaçik bu dəfə “ xüsusi” fəallıq göstərdi. Səhnəyə çıxaraq bildirdi ki, Azərbaycanla bağlı qətnamə mütləq müzakirəyə çıxarılmalıdır, gündəlikdə qalmalıdır. Daha sonra Azərbaycanı sevməyən daha iki adam çıxış edərək qətnamənin müzakirə edilməsini təkid etdilər. Müzakirələrdə qətnamənin əleyhinə 202 nəfər, 72 nəfər isə bitərəf qaldı. Bu o deməkdir ki, Azərbaycanla hələ də əməkdaşlıq etmək istəyənlər var. Amma heyif ki, onların səsi eşidilmədi. Azərbaycan heç kimin sözü ilə oturub durmayacaq. Müstəqillyini davam etdirəcək. Xalqla iqtidar arasında möhkəm birlik var. Hesab edirəm ki, hakimiyyət “Şərq Tərəfdaşlığı” proqramına yenidən nəzərdən keçirsin. Baxaq ki, təşkilatla əməkdaşlıq etmək lazımdır, ya yox”.
***
Spikerin çıxışından sonra müzakirələr başlayıb.
Millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, məlum qətnamə xalqa qarşı çevrilib: “Bütünlüklə xalqa təhqiridir. Heç kim demir ki, hakimiyyətimiz idealdır. Bütün Avropa hakimiyyətlərində qüsurlar var. Amma bizə yanaşmada daha qərəzli münasibət var. Onların bu münasibətini gizlətmək mükün deyil. Burada da erməni lobbisinin xüsusi rolu, xristian müsəlman davasının elemntləri, həm də Azərbaycanı yenidən savaşa çəkmək var. Eyni zamanda Azərbaycanı köhnə imperiyanı bərpa etmək istəyənlərin ağuşuna atmaq istəyi var. Azərbaycanla Avropanın səmimi münasibətlərini pozmaq istəyənlər var. Heç kimə sirr deyil ki, Azərbaycan bölgədə sabitlik adasıdır, amma bu çoxlarına sərf etmir. Jurnalist Rasim Əliyev operator idi, axı onun hakimiyyətə qarşı ciddi iradı olmayıb. İndi qətnamədə onun qətlini hakimiyyətin üzərinə atırlar”.