Bir neçə gündür ki, sosial şəbəkələrdə ehtiyatda olan hərbçilərin yenidən hərbi hissələrə çağırılması prosesinin başlaması barədə məlumatlar yayılır. “Qafqazinfo” xəbər verir ki, proses başlayandan bəri ictimaiyyət arasında mövcud vəziyyətlə bağlı panika yaşanmaqdadır. "Facebook"da "mənə də komissarlıqdan məktub gəldi" tipli statusları bir-birinin ardınca paylaşılır. Hamı elə hesab edir ki, çağırılmaların əsas səbəbi müharibənin başlayacağı ilə əlaqədardır.
Artıq məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mətbuat Xidməti də açıqlama yayıb. Açıqlamada bildirilir ki, gənclərin yenidən çağırılmasına səbəb Müdafiə Nazirliyinin sentyabr ayının 6-da Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Müdafiə nazirinin rəhbərliyi altında sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları ilə əlaqədardır: "Narahatlığa heç bir ehtiyac yoxdur. Bu sadəcə hərbi təlimlərlə əlaqədardır. İnsanlar həyəcana qapılmasınlar. Ancaq onu deyə bilərik ki, oyunlarla əlaqədar olaraq çağırılacaq gənclərin sayı kifayət qədər çoxdur".
Hərbi ekspert Üzeyir Cəfərov da “Qafqazinfo”ya açıqlamasında narahatçılığa əsla əsas olmadığını vurğulayıb:
“İlk dəfədir ki, komanda qərargah hərbi təlimləri böyük maştabda keçirilir. Azərbaycanın atacağı addımlar ondan ibarətdir ki, xarici ölkələr bu barədə məlumatlandırılsın. Plana uyğun olaraq 6000 nəfər ehtiyatda olan hərbi qulluqçular təlimlərə cəlb olunub. Sadəcə hiss edirəm ki, həm mediada, həm də cəmiyyətdə bununla bağlı narahatlıq var. Bu insanlar bir neçə günlüyə vaxtilə xidmət etdikləri və ya digər hərbi hissələrə qayıdırlar. Bununla onların səfərbərlik imkanları yoxlanılır. Əgər sabah doğrudanda real əmr verilərsə, onlar hansı saata öz hərbi hissələrinə gələ bilərlər, real əməliyyatlara qoşula bilərlər və.s barədə məlumatlandırılırlar. Sadəcə elektron kütləvi informasiya vasitələri, televiziyalar və radiolar bu istiqamətdə maarifləndirici iş görməlidirlər. Maarifləndirmə bütün ölkəni tam əhatə etmədiyindən panika yaranıb”.
Eskpert hesab edir ki, ehtiyatda olan hər bir şəxs bu vəziyyətə hazır olmalıdır: “Çünki Azərbaycan müharibə şəraitindədir. Azərbaycanın indiyə qədər keçirdiyi təlimlərdə 65000 heyət iştirak etməyib. Hərbin qaydalarından biri budur ki, təkcə müharibəni ön xətdə olanlar aparmır. Bütün dünyada belədir ki, ehtiyatda olan hərbçilər də real döyüşlərdə sıradan çıxa biləcək əsgərlərin yerini tutmağı bacarmalıdır. Bunun üçün təlimlər keçirilir”.