"İkinci dünya müharibəsindən sonra ilk dəfə olaraq Avropa İttifaqı böyük humanitar fəlakətlər üz-üzədir".
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilən müşavirədə deyib.
Dövlət başçısı qeyd edib ki, yenə də xarici müdaxilə nəticəsində qaçqın düşən yüzminlərlə insan Avropaya üz tutub: "Sığınacaq tapmaq və öz canını qurtarmaq üçün hazırda böyük köç müşahidə olunur. İlk növbədə bu ağır vəziyyətə düşən insanlar üçün humanitar fəlakətdir. Artıq onlar bir neçə ildir ki, humanitar fəlakətlə üz-üzədirlər. Əfsuslar olsun ki, Qərb mediası buna tamamilə biganə və etinadsız yanaşır. Ancaq bugünkü insanların bir hissəsi Avropa qitəsinə artıq üz tutub, indi bütün Qərb mediası gecə-gündüz bu görüntüləri yayır və sanki insanları bu vəziyyətdə günahlandırır".
Azərbaycan Prezidenti qeyd edib ki, bu insanların heç bir günahı yoxdur: "Onlar məqsədyönlü siyasətin qurbanlarıdır. Onların başqa yolu yoxdur. Onlar özlərini, öz ailələrini qorumalıdırlar. Ona görə də bu gün humanitar fəlakət ilk növbədə onların humanitar fəlakətidir.
Avropa İttifaqını siyasətinə gəlincə, bu qurum bəyan etdiyi dəyərlərə nə dərəcədə sadiq olduğunu həyat göstərər. Hər şey indi göz qabağındadır. Biz görürük ki, yazıq insanlara işgəncələr verilir, onların ləyaqəti alçaldılır. Onlara qarşı sanki geniş bir kampaniya aparılır.
Biz bununla barışa bilmərik. Biz hər bir məsələ ilə bağlı öz sözümüzü deyirik. Azərbaycan o ölkələrdəndir ki, bütün beynəlxalq məsələlərlə bağlı onun öz mövqeyi var və biz heç kimdən çəkinmədən öz mövqeyimizi ifadə edirik. Məhz buna görə dünyada böyük rəğbət və hörmət qazanmışıq. Bizim mövqeyimiz bütün məsələlərlə bağlı ədalətli mövqedir. ədalətli mövqeyi müdafiə edərək biz bu siyasətlə və gedən işlərlə barışa bilmirik. Bir sözlə, bu gün dünya xəritəsində dəyişikliklər baş verir. İstisna edilmir ki, gələcəkdə də bu dəyişikliklər davam etsin".