“Yenimeydan.info” xəbər verir ki, millət vəkili bu barədə partiyanın rəsmi səhifəsində fikirlərini bölüşüb. Sabir Rüstəmxanlı insanların bu şəkildə təhqir olunmasının yolverilməz olduğunu deyir: “İbrahim İbrahimli sıradan bir adam deyil. Respublikada kifayət qədər tanınan bir ziyalı şəxsdir. Vaxtilə mən Mətbuat və İnformasiya naziri işlədiyim zaman o da Naxçıvanın mətbuat komitəsinin rəhbəri vəzifəsində çalışıb. Dövlət strukturlarında müxtəlif vəzifələrdə işləyib. Eyni zaman da da millət vəkili olub. İndi də ictimai həyatda kifayət qədər rol oynayan şəxsiyyətdir. Bütün bunların hamısını qoyaq bir kənara. Lap tutaq ki, sıravi vətəndaşdır, ora qohumunun yas mərasiminə gedib. Bu millətin öz adət-ənənəsi, əxlaqi keyfiyyətləri var. Hüzr yerinə gəlmiş bir adama niyə əl qaldırmalıdır? Hansı səbəbə görə, o, təhqir olunmalıdır? Utancverici hadisəni qətiyyətlə pisləyirəm. Biz, ölkədə demokratik cəmiyyət qurmaq istəyirik. Ancaq belə olaylarla demokratik cəmiyyəti necə qurmaq olar? Hər kəs özünə bir sual versin”.
Deputat qeyd edir ki, “heç bir şəxs siyasi görüşünə və fikir ayrılığına görə döyülməməli, şantaj edilməməlidir. Dövlətimizin qanunlarına görə, istənilən şəxs azad fikrini ifadə etməkdə və siyasi yolunu müəyyənləşdirməkdə sərbəstdir. Hətta hər hansı insan öz siyasi baxışlarını ifadə etməyə getsə belə, bu cür davranışla üzləşməməlidir”.