"Çelsi"nin baş məşqçisi Joze Mourinyo 5 fərqli kateqoriya üzrə qazandığı kuboklarla adını “Ginnesin Rekordlar kitabı”na yazdırıb.
“Qafqazinfo” dsport.az-a istinadən xəbər verir ki, Mourinyonun "Ginnesin Rekordlar kitabı"na düşməsinə səbəb olan 5 kateqoriyadakı uğurları aşağıdakılardır:
1. Çempionlar Liqasını iki fərqli klubla ("Porto" və "İnter") qazanan 5 məşqçidən biri olması.
2. 49 yaş 12 günlüyündə Çempionlar Liqasında 100 matç keçirən ən gənc məşqçi olması.
3. 2004/2005 mövsümündə "Çelsi"ni 95 xalla İngiltərə çempionu edərək Premyer Liqa tarixində bir mövsümdə ən çox xal qazanan məşqçi olması.
4. İngiltərə Premyer Liqa tarixində 77 oyunla öz meydanında ən uzun müddətli məğlubiyyətsizlik seriyasına imza atması.
5. Dörd klubda çalışdığı dönəmdə ümumilikdə öz meydanında 151 oyunda uduzmamaqla ən uzun müddətli məğlubiyyətsizlik seriyasına sahib olması.
Portuqaliyalı mütəxəssis bunula bağlı açıqlama verərək “Ginnesin Rekordlar kitabı”na düşəcəyini xəyal etmədiyini bildirib: "Qazandığım mükafatları ofisimə qoyacam. Uşaq vaxtı bir gün "Ginnesin Rekordlar kitabı"na düşəcəyimi xəyal belə edə bilməzdim və bu səbəbdən maraqlı bir vəziyyətdir. Lakin məni tanıyırsız. Bu uğur mənim keçmişdə qazandığım nailiyyətlərlə bağlıdır. Mənim üçün önəmli olan gələcəkdə nələr edə biləcəyimdir".
Mourinyo 15 illik məşqçilik karyerasında ümumilikdə 22 kubok qazanıb.