"Tarif Şurasının benzinin qiymətinin endirilməsinin dünya bazarında neftin qiymətinə bağlı olmamasına dair mətbuata verdiyi açıqlama özünü təkzib etməklə yanaşı, ciddi arqument sayıla bilməz. Çünki Şura 2013-cü il 3 dekabr ayında benzinin pərakəndə satışı qiymətinin artımını məhz bununla əsaslandırmışdı (http://www.tariff.gov.az/?/az/news/view/101/).
Həmin dövrdə Şuranın katibi İlkin Məcidov açıqlamasında qeyd etmişdi ki, son dəfə (6 yanvar 2007-ci il) yanacağın qiyməti müəyyənləşdiriləndə xam neftin dünya bazarlarında qiyməti 1 barrel üçün 57 ABŞ dolları idi, indisə artaraq 110 ABŞ dollarına çatıb. Hazırda neftin bir bareli 50 dollar civarındadır ki, bu da hətta 2007-ci il qiymətindən də ucuzdur. 2007-ci ildə Aİ-95 benzini 60 qəpik, Aİ-92 və Aİ-80 55 qəpik, dizel yanacağı isə 45 qəpik olub. Bu gün daha ucuz neft qiymətləri şəraitində Aİ-92 və Aİ-80 markalı benzinlər 70 qəpik, dizel yanacağı isə 60 qəpikdir. Belə çıxır ki, neftin dünya bazar qiyməti ancaq bahalaşma üçün əsas sayılır".
Mia.az xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Samir Əliyev deyib.
O, yuxarıdakı fikirini davam etdirərək, Şuranın açıqlamasında maya dəyərində oturan vergilərin dəyişmədiyinin iddia olunduğunu xatırladıb:
Samir ƏLİYEV
"Bu fikir də reallığı tam əks etdirmir. 2013-cü ilin dekabrında Nazirlər Kabineti 333 saylı qərarı ilə neft məhsullarının, o cümlədən benzinin və dizelin qüvvədə olan aksiz dərəcələri artırıldı. Qərara görə, Aİ-95 markalı benzinin aksiz dərəcəsi 101%-dən 159%-ə, Aİ-92 (92%) və Aİ-80 (93%) markalı benzinlərin hər ikisi üçün aksiz dərəcəsi 134%-ə qaldırıldı. Dizeldə artım 24%-dən 57%-ə çatdırıldı.
Vergi dərəcəsinin artırılmasının ardınca Tarif Şurası 14 saylı qərar qəbul etdi və dekabrın 3-dən etibarən yanacağı bahalaşdırdı. Deməli, bahalaşmağa səbəb vergi artımı olub. Ancaq üstündən 2 ay keçəndən sonra Nazirlər Kabineti 6 fevral 2014-cü il qərarı qəbul edərək özünün 2 dekabr 2013-cü il qərarına dəyişiklik etdi. Dəyişiklik əsasında bir sıra neft məhsullarına, o cümlədən yanacağa tətbiq edilən aksiz vergiləri əhəmiyyətli dərəcədə azaldı. Dəyişikliyə görə, Aİ-95 markalı benzinə tətbiq edilən aksiz vergisi 159%-dən 64%-ə endirildi. Azalma digər yanacaq növlərinə də şamil edildi. Aİ-92 benzinində vergi 134%-dən 65%-ə, Aİ-80-də 134%-dən 66%-ə endirildi. Dizel yanacağı üçün isə bu hədd 57%-dən 18%-ə endirildi. Məsələ ondadır ki, vergi dərəcələri hətta dekabrın 3-dəki səviyyədən də aşağı həddə endirildi. Nəticədə bahalaşmağa səbəb olan verginin aşağı salınması belə yanacağı ucuzlaşdıra bilmədi".
Samir Əliyevin sözlərinə görə, burda 2 məqam var:
"1. Aksiz vergisi azaldılıbsa, bu halda yanacağın topdansatış qiyməti də aşağı düşməlidir. Çünki Şuranın qərarına görə, neft məhsullarının topdansatış tariflərinə aksiz və əlavə dəyər vergisi (ƏDV), eləcə də təchizat tarifləri daxildir. Bu halda Aİ-92 və Aİ-80 benzinləri üzrə topdansatış qiyməti 580,49 manata, dizel yanacağı üzrə 465,2 manata düşür. Deməli, yanacaqdoldurma məntəqələri Aİ-92 və Aİ-80 markalı benzinlərin hər litrini 44 qəpiyə, dizel yanacağını isə 37 qəpiyə satılmalıdır. Əgər aksiz vergisinin azaldılması fonunda pərakəndə satış qiymətlərinin dəyişməyibsə, deməli, şirkətdaxili tariflər artırılıb və əldə edilmiş vəsait SOCAR-a çatır.
2. Əgər şirkətdaxili tariflər artırılıbsa, bu halda Tarif Şurası yeni qərarla bunu təsdiq etməlidir. Çünki şirkətdaxili tariflər də tənzimlənir.
Bu məqamların heç biri baş verməyib və yanacağın qiymətinin necə əmələ gəlməsi qeyri-müəyyən olaraq qalmaqdadır. Fikrimcə, Tarif Şurası bu məsələyə aydınlıq gətirməlidir.
Sonda onu qeyd edim ki, malın maya dəyərinin şişməsi məsələsi dövlət şirkətləri üçün aktual olaraq qalır. Bu problem təəssüf ki, ölkədə kommunal və nəqliyyat xidməti göstərən bütün dövlət şirkətlərində mövcuddur. Təbii inhisara malik şirkətlər nə qədər ki, xərclərini optimallaşdırmayıb, məhsulun maya dəyəri şişməkdə davam edəcək. Belə vəziyyətdə tariflərin artırılması heç zaman xidmətin keyfiyyətini artıra bilməyəcək".