Son günlər paytaxtla yanaşı bölgələrdə də ərzaq məhsullarının qiymətinin artması haqda müxtəlif xəbərlər yayılır. Rəsmi qərar olmasa da bir çox mağazalarda əksər məhsullar alıcılara əvvəlki günlərlə müqayisədə nisbətən baha qiymətlərlə təqdim olunur. Alıcılar isə bu vəziyyətdən narazılıq edirlər.
Məşhur supermarketlərdə də bahalaşma əməlli başlı nəzərə çarpır.
AzVision.az-ın əməkdaşları paytaxt mağazalarına baş çəkərək hazırki vəziyyətlə maraqlanıb, qiymət artımının səbəblərini öyrənməyə çalışıb.
Müraciət etdiyimiz market sahibləri obyektlərinin adlarının mətbuatda hallanmasını istəmsələr də qiymət artımının olduğunu etiraf ediblər.
İlk baş çəkdiyimiz marketin sahibəsi Leyla xanım bildirdi ki, qiymət artımı Azərbaycanın ən iri qida məhsulları istehsalçılarından biri olan “Azərsun holdinq”-in satdığı məhsullarda özünü göstərir. Bu firmanın məhsulları 20-30 qəpik bahalaşıb. Yumurtanın qiyməti isə əvəlki günlərə nisbətdə iki qəpik artıb.
Bahalaşma əsasən süd və süd məhsulları, kolbasa, sosiska, yağ, çay, şəkər tozu və digər məhsullarda hiss olunur.
İkinci baş çəkdyimiz marketin satıcısı isə bildirir ki, satdığı məhsullarda hələlik qiymət artımı yoxdur: “Marketə hələ yeni məhsul sifariş verməmişik. Ona görə də hansı ərzaqların bahalaşdığını deyə bilmərik. Sentyabr ayında, yeni sifariş əsasında bunları dəqiq biləcəyik”.
Baş çəkdiyimiz digər marketin sahibi hesab edir ki, qiymətləri mağaza sahibləri deyil, firmalar qaldırılıb.
“Bizi məhv edən “Azərsun”dur. Əvəllər “Beta” çayını bir manata sata bilirdimsə, indi bizə bu bir manat səkkiz qəpiyə gəlir. Mən də məcburam ki , bunun qiymətini qaldırım. Böyük supermarketlərə “Azərsun”un məhsullarını satmaq ucuz başa gəlir, nəyinki bizə. Bizim ki, market deyil ki, yetimxanadır. Bir manat verib 30 qəpiyinə çörək, 70 qəpiyinə kolbasa alıb yeyən bir gəncə mən yazıq necə bahalaşmış ərzaq satım? Buna görə də məhsullardan heç bir gəlirim yoxdur. Mağaza siqaret və su satışından əldə olunan gəlir hesabına ayaqdadır”.
Şəhərin mərkəzində yerləşən böyük supermarketlərdən birinin administratoru isə qiymət qalxması ilə bağlı sualımıza belə cavab verdi:
“Hansı ərzaqlarda qiymət qalxmasının olduğunu müştərilər özləri bilər. Mən onu deyə bilərəm ki, qiymətlər təkcə bizim marketdə deyil, bütün Azərbaycanda qalxıb”.