“Bakı Beynəlxalq Avtovağzalı”na avtomobillə daxil olmaq üçün 1 manat giriş haqqı tələb edirlər”.
Bu barədə redaksiyamıza çoxsaylı şikayətlər edən vətəndaşlar şəxsi avtomobillər ilə avtovağzal ərazisinə daxil olduqda, onlardan ödəniş tələb olunduğunu bildirirlər. Şikayətçilərin sözlərinə görə, həm taksi xidməti kimi fəaliyyət göstərənlərdən, həm də şəxsi avtomobili ilə avtovağzala daxil olmaq istəyənlərdən 1 manat, bəzən isə daha çox pul alınır.
Məsələ ilə bağlı real vəziyyəti öyrənmək üçün “Bakı Beynəlxalq Avtovağzalı”na üz tutduq. Elə avtovağzalın girişindəcə, şikayətçilərin haqlı olduğu məqam diqqətimizi cəlb etdi.
Belə ki, avtovağzalın girişində nəzarət buraxılış məntəqəsi yaradılıb və üzərinə “giriş haqqı 1 manat” yazılan lövhəsi vurulub. Məntəqədə 3-4 nəqliyyat müffətişi dayanıb, əllərində giriş kağızlarını içəriyə daxil olan maşınlara verirdilər. Digər tərəfdə isə, iki əməkdaş avtovağzaldan çıxan avtomobillərin sürücülərindən ödənişləri yığırdı.
Avtovağzalın içərilərinə doğru irəliləyib, dayanacaqlara yaxınlaşdıq. Taksi sürücüləri ilə həmsöhbət olub, durumu onların dilindən dəyərləndirməyə çalışdıq.
Adının çəkilməsini istəməyən sürücü dedi ki, hər dəfə avtovağzala daxil olanda 1 manat ödəyir: “Hər dəfə sərnişin aparanda və gətirəndə 1 manat ödəyirəm. 1 manat taksi sürücüsü üçün böyük puldur. Elə sərnişin var ki, yaxın məsafəyə gedir. Məcburam ki, sərnişini istədiyi ünvana aparam. Bunun müqabilində 3-5 manat yol haqqı alırıq. Sərnişindən aldığım 5 manatın 2 manatını giriş haqqı kimi alırlar. Bu isə bizə sərf eləmir. Məcbur qalıb, sərnişinləri daha baha qiymətə aparmalı oluruq”.
Şəxsi avtomobili ilə gələn sürücülər də vəziyyətdən narazıdırlar. Asim adlı şəxs avtovağzala giriş üçün 1 manatın alınmasının qanunsuz olduğunu deyir: “Şəxsi avtomobilimlə valideynimi gətirmişəm ki, rayona yola salım. Nəqliyyat müfəttişləri özlərinin "printer”dən çıxardığı kağızları əsas tutub, 1 manat pul tələb edirlər. Bu, açıq-aşkar “bazar”dır. Məni 2 dəqiqə avtovağzala buraxmaq üçün ödəniş tələb edirlər. Mən taksi sürücüsü deyiləm ki, məndən pul alırlar”.
Musavat.com-a açıqlamasında avtovağzala girişin ödənişli olması məsələsinə münasibət bildirən nəqliyyat eksperti Məzahir Rüstəmov da bunun düzgün olmadığını bildirdi: “Böyük strateji obyektlərə girişin məhdudlaşdırılması, şəxsi avtomobili ilə daxil olan sürücülərdən ödənişin tələb olunması, düzgün deyil. Ölkə prezidenti də, dəfələrlə bildirib ki, avtovağzalın yenidən qurulması, inkişafı, həmişə dövlət büdcəsi hesabına aparılır. Təəssüf ki, avtovağzal yeni inşa olunmasına baxmayaraq, bərbad vəziyyətdədir. Kənardan gözəl görünsə də, içərisi standartlara cavab vermir. Bir neçə ilin avtovağzalı bu gündədirsə, bunun halı sonralar necə olacaq? Biz demirik ki,orada ödənişlər olmasın. Lakin avtovağzalda yığılan pulların aqibəti necə olur? Yığılan məbləğ dövlət büdcəsinə ödənilirmi? Əldə olunan vəsaitlərlə yenidən avtovağzal üçün hər hansı bir iş görülürmü? Yoxsa, bu vəsaitlər kimlərinsə cibinə axır? Bunları araşdırmaq lazımdır və vacibdir”.
Ekspert xarici ölkələrin avtovağzallarında göstərilən xidmətlərdən də danışaraq, bildirdi ki, xarici avtovağzallarda da müəyyən ödənişlər var. Lakin ödənişlərin müqabilindəki xidmət yüksək səviyyədədir:“Bizdə xidmət qapını açıb, nəqliyyatı içəri buraxmaqla yekunlaşır. Xidmət o demək deyil ki, sən qapını açdın, mən o əraziyə daxil oldum və müqabilində məndən 1 manat aldın. Buna xidmət demək olmaz. Yalnız bizim avtovağzalda xidmət olmadığı halda, ödəniş alırlar. İstər rayondan gələn, istərsə də şəhərdən gələn nəqliyyat vasitələrinə və sahiblərinə xidmət göstərilməlidir. Belə olan halda, ödəniş tələb oluna bilər. Əgər xidmət olunmadığı halda, ödəniş tələb olunursa, bu, artıq haqsızlıqdır”.
Qeyd edək ki, məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin də mövqeyini öyrənməyə çalışsaq da, həmişə olduğu kimi, qurumun mətbuat xidmətindən zənglərimizə cavab verən olmadı.