Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən Belediyye.info saytına daxil olan məlumata görə, bələdiyyələr yerli vergilərin yığımında şəffaflıq prinsiplərini qorumalı və vergiləri nəgdsiz şəkildə, poçt və ya bank vasitəsiylə toplamalıdırlar. Mərkəzdən verilən məlumatda o da qeyd olunur ki, “Bələdiyyələrin vergi xidməti” adında təşkilat bələdiyyələrə vergi yığımında dəstək vermək üçün müqavilə bağlayaraq bələdiyyələrdən qanunsuz olaraq maliyyə vəsaitinin yığması haqqında mərkəzə məlumatlar daxil olmaqdadır. Bələdiyyyələrlə İş Mərkəzi bildirir ki, belə hallar baş verdiyi halda mərkəzə müraciət edilsin. Xatırladırıq ki, belə bir strukturun fəaliyyəti qanunsuzdur.
Mərkəz olaraq 2014-cü ilin avqust ayında bələdiyyələrə göndərilən “Yerli vergi və ödənişlərin yığılması, əmlak vergisinin hesablanması, subvensiyaların alınması və digər məsələlərlə bağlı qəbul edilmiş yeni qanunlara dair tövsiyə” məktubunu bir daha bələdiyyələrin diqqətinə çatdırırıq.
Ötən il göndərilən məktubda qeyd edilir:
“Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 20 iyun 2014-cü il tarixdə qəbul edilmiş (11 avqust 2014-cü ildəwww.president.az saytında dərc olunmuşdur.) “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunlarla bələdiyyə qanunvericiliyinə bir sıra dəyişiklik və əlavələr edilmişdir.
“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanuna əlavə edilmiş 11.4-cü maddəyə görə yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır. Bu dəyişiklik bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsinə xidmət edir.
Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə edilmiş dəyişikliyə görə fiziki şəxslərin mülkiyyətində olan binaların yaşayış sahələrinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə və qeyri yaşayış sahələrinin hər kvadratmetrinə görə Məcəllədə göstərilən dərəcələr tətbiq olunur. Qanun daşınmaz əmlak vergisinin hesablanması və toplanması işini xeyli asanlaşdırmış, sadələşdirmişdir.
Eyni zamanda, Məcəllənin 206.3-cü maddəsinə edilmiş dəyişikliyə uyğun olaraq kənd təsərrüfatı torpaqları istisna olmaqla, digər torpaq sahələrinin hər 100 kvadratmetrinə görə Məcəllədə göstərilən dərəcələr tətbiq olunacaqdır.
Göstərilən dəyişikliklər 1 yanvar 2015-ci ildən qüvvəyə minir.
“Büdcə sistemi haqqında” Qanunun 32.2.2-ci maddəsinə əlavə edilmiş yeni hissəyə görə: “Yerli sosial müdafiə, ekoloji, həmçinin iqtisadi və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi ilə bağlı layihələrin həyata keçirilməsi, həmçinin qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə həvalə edilən əlavə səlahiyyətlərin maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsindən yerli büdcələrə subvensiya ayrılması üçün müvafiq bələdiyyələrin və onların təmsil olunduqları milli assosiasiyaların cari il martın 15-dək verilən təklifləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 gün müddətində öyrənilir, onların qəbul edilib-edilməməsi barədə aidiyyəti bələdiyyələrə məlumat verilir. İcrası üçün vəsait ayrılmasına razılıq verilmiş layihələrlə bağlı müvafiq maliyyə-iqtisadi əsaslandırmalarla birlikdə “Büdcə sistemi haqqında” Qanunun 11.14-cü maddəsi ilə müəyyən edilən sənədlər və məlumatlar mayın 1-dək bələdiyyələr tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Dövlət büdcəsindən ayrılmış subvensiyalar bələdiyyələr tərəfindən təqdim edilmiş layihələrə uyğun olaraq, hər il fevralın 15-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən bölünür.” Yeni qanunun verdiyi imkanlardan yararlanmaqla bələdiyyələr yerli önəmli sosial-iqtisadi proqramlar və layihələr hazırlayıb həyata keçirə bilərlər.
“Büdcə sistemi haqqında” Qanunun 34.4-cü maddəsinin yeni redaksiyasına görə dövlət büdcəsindən ayrılan dotasiyaların həddinin hesablanmasında bələdiyyənin ərazisində yaşayan əhalinin sayı, ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onların xüsusi çəkisi, bələdiyyənin gəlir və xərcləri, bələdiyyəyə daxil olan yaşayış məntəqələrinin cəbhə xəttində, sərhəd zonasında, yüksək dağlıq ərazidə yerləşməsi, yerli əhalinin yaşayış səviyyəsi, nəzərdə tutulan sosial-iqtisadi layihələr nəzərə alınmalıdır.
Bundan başqa, “Bələdiyyələrin statusu haqqında” Qanunun 30-cu maddəsinin 2-ci hissəsinə əlavə edilmiş üçüncü bəndə əsasən bələdiyyələr tərəfindən hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların müraciəti əsasında, 5 gündən gec olmayaraq arayış verilir.
Yeni qanunların bələdiyyə üzvləri və qulluqçuları tərəfindən öyrənilməsini, düzgün tətbiq olunmasını, eyni zamanda, vergi ödəyicilərinin hərtərəfli maarifləndirilməsi və məlumatlandırılması üçün tədbirlər görülməsini tövsiyə edirik.”
Sonda bir daha qeyd edirik ki, bələdiyyə vergilərinin toplanması bir qayda olaraq vətəndaşlar tərəfindən bələdiyyələrin hesabına poçt və bank vasitəsilə nağdsız şəkildə ödənilir. Digər özünü bələdiyyələrin vergi idarəsi adlandıran qurumların, o cümlədən “Bələdiyyələrin vergi xidməti” adında təşkilatın fəaliyyəti qanunsuzdur.