Son zamanlar mediada “Riyad-farm” dərman şirkəti haqqında qarışıq, çaşdırıcı məlumatlar yayılır. "Riyad-farm" MMC-nin baş mühasibi yayılan məlumatlarla bağlı açıqlama verib.
“Riyad-farm” MMC-nin baş mühasibi İbadət Məlikov AzVision.az-a bildirib ki, Azərbaycan Beynəlxalq Bankına kredit borcları ilə əlaqədar şirkətin yüz faiz paylı təsisçisi və direktoru Aqil Quliyev və şirkətin real sahibi və idarəçisi Həsən Şərifov hüquq-mühafizə orqanları tərəfindən həbs ediliblər. İ.Məlikovun sözlərinə görə, mətbuatda gedən 200 milyon manat kredit borcu həqiqətə uyğun deyil: “Onların Azərbaycan Beynəlxalq Bankına akkreditiv üzrə kredit borcu 24 milyon manat təşkil edir. Əsasən də şirkətin iflas olmasına səbəb şirkətin sahibləri Həsən və Asif Şərifov qardaşlarının “Riyad-farm” şirkətinin gəlirlərini və banklardan götürdükləri kreditləri özlərinə məxsus kənd təsərrüfatı biznesinə (3000 hektar meyvə bağları, soyuducu anbarlar, meyvə şirəsi və konsentratı zavodu və s.), Moskvadakı bizneslərinə yatırmaları və bu biznesdə uğursuzluqları səbəb olub. “Riyad-farm”ın mərkəzi ofisi və deposunun yerləşdiyi yerə görə 4 aylıq kirayə haqqı borcu yığışıb və işçilərin çoxuna 2 aylıq əməkhaqqı borcları qalıb”.
Baş müsahib onu da qeyd edib ki, hal-hazırda şirkət fəaliyyətini dayandırıb: “Dərman idxalı dayanıb və bütün apteklər bağlanıb. Mətbuatda yanlış olaraq “Riyad-farm”la “Riyad ” şirkəti qarışıq salınır. 2007-ci ildən “Riyad-farm” şirkətinin bütün maliyyə təsərrüfat fəaliyyətinə rəhbərliyi direktor Aqil Quliyev, şirkətin real sahibləri Həsən və Asif Şərifov qardaşları həyata keçiriblər. Sadəcə olaraq, bu adda şirkətin əhali arasında inam qazanması səbəbindən ad dəyişdirilmədən “Riyad-farm” brend adı ilə fəaliyyətlərini davam etdirib və “Riyad-farm” dərman şirkəti “Riyad ” şirkətinə məxsus Bakıxanovda yerləşən depo və mərkəzi ofisin icarəçisi olub. Hal-hazırda “Riyad” şirkəti “Riyad-farm”ın rəhbərliyini dələduzluq, vəzifə saxtakarlığı, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlaka ziyan vurma və digər iddialarla iyun ayında məhkəməyə verib”.