Bu fikri Belediyye.info saytına “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri , “Bələdiyyə həyatı” qəzetinin redaktoru Vüqar Tofiqli bildirib. Onun sözlərinə görə, qanunvericilik qaydasında hər bir bələdiyyə mütəmadi olaraq seçiciləri qarşısında hesabat verməli, öz fəaliyyətləri barəsində ətraflı məlumatı həm inzibati binalarındakı məlumat lövhəsində asmalı, həm də yerli və sahə mediasında nəşr etdirməlidirlər.
Qeyd edək ki, “Bələdiyyə həyatı” qəzetinin redaksiyası son bir ay müddətində yüz bələdiyyə sədrinə sms-lə hesabatların qəzetin e-mailnə göndərməyi xahiş edib. Maraqlı faktdir ki, ötən müddət ərzində yalnız 27 bələdiyyə öz fəaliyyətləri barəsində geniş və ətraflı məlumat göndərib. Mingəçevir, Sumqayıt, Qusar, Nəsimi, Nərimanov, Nizami, Yevlax, Bərdə, Salyan şəhər bələdiyyəsi, Gəncənin Kəpəz rayon, Bakının Rəsulzadə, Mərdəkan, Şüvəlan, Qala, Ramanı, Balaxanı, Badamdar, Lökbatan qəsəbə bələdiyyəsi, Qazax rayonunun Xanlıqlar bələdiyyəsi fəaliyyətləri barəsində ətraflı məlumat vermiş və fəaliyyətlərini əks etdirən şəkilləri redaksiyanın e-mailinə göndəriblər. Balakən, Ağcabədi, Göranboy, Lənkəran şəhər, Bakının Qobustan qəsəbə bələdiyyələrinin hazırladığı hesabatlarda diqqəti çəkir.
Müraciət edilən bələdiyyələrdən 73-nün bu məsələyə diqqət yetirməməsi təəsüff hissi doğurur.
Təşkilat rəhbərinin fikrincə, bu diqqətsizlik iki məqamdan yarana bilər: 1-si fəaliyyətsizlikdən, 2-si isə məsuliyyətsizlikdən. Bu istiqamətdə apardığımız müşahidələr göstərir ki, bəzi bələdiyyələr ümumiyyətlə hesabatın hazırlanması barədə məlumatsızdırlar. Nəzərə alsaq ki, bələdiyyələr seçiciləri qarşısında daim hesabat verməyə borcludurlar. Onlar bir məqamı unutmamalıdırlar ki, dövlətimizin başçısı mütəmadi olaraq ictimaiyyətə fəaliyyəti barəsində hesabat verir. Bələdiyyə də dövlət idarəçiliyinin tərkib hissəsi olaraq bu məqamdan nəticə çıxarmalı və real gördüyü işlərlə seçicilərinin qarşısına çıxmalı və hesabat verməyi unutmamalıdırlar.