Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumatda qeyd olunur:
“Müəyyən ediliblib ki, V.Mustafayev Vəliyeva Aygün Seyfəddin qızının filialın qiyabi şöbəsinə rəsmi qəbul imtahanlarından kənar qəbul etdirilməsi üçün atası Seyfəddin Vəliyevdən 2007-ci ildə 3.200 ABŞ dolları, 2007-2011-ci tədris illəri üzrə hər semestr üçün çəkiləcək xərc, eləcə də A.Vəliyevanın guya təhsilini həmin filialda başa vurması barədə diplom veriləcəyi adı ilə ayrı-ayrı vaxtlarda 1.900 manat məbləğində pulu aldatma yolu ilə alaraq 2012-ci ilin iyun ayında A.Vəliyevanın adına saxta diplom təqdim edib.
Fakta görə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanmışdır.
Digər cinayət işi Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbə inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Dadaşov Nazim Balarza oğlunun torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə 2010-cu il tarixli sənəd verilməsi müqabilində ondan 17.0 min manat məbləğində rüşvət tələb etməsi barədə müraciəti əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə başlanıb.
Belə ki, daxil olmuş müraciət əsasında idarənin əməkdaşları tərəfindən 6 fevral 2013-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində N.Dadaşov Bübülə qəsəbəsində idarə etdiyi “Vaz 2106” markalı 10 XE 635 dövlət qeydiyyat nişanlı avtomobilində Bakı şəhər sakinindən 8.0 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Baxış zamanı N.Dadaşovun idarə etdiyi avtomobilin salonundan rüşvət kimi aldığı 8.0 min manat məbləğində pul, xidməti otağından isə ayrı-ayrı vətəndaşlara məxsus cinayət təqibi üçün əhəmiyyət kəsb edən sənədlər hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülüb.
N.Dadaşov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda qeyd edilən cinayət işləri üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.