Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun avqustun 12-də mətbuata verdiyi açıqlamasında jurnalistlər barədə səsləndirdiyi fikirlər qarşı tərəfin narazılığına səbəb olub. Onlar Vaqif Əsədovu “jurnalist-yol polisi həmrəyliyi”ni pozmaqda günahlandırıblar.
“Adlarını çəkmirəm, amma bu yazını oxuyub söhbətin kimdən getdiyini bilən jurnalistlər mütləq olacaq” deyəndə Vaqif müəllim əslində səhvə yol verməyib. Jurnalistlər yazını oxuyub etirazlarını bildirdilər. Neçə gündür sosial şəbəkələrdə narazılıqlarını ifadə edən KİV nümayəndələri müxtəılif statuslar yazırlar.
Bəziləri polkovnikin jurnalistlərin dostu olmağını vurğulasalar da, münasibətlərin qarşılıqlı mənafelər çərçivəsində yürüdüldüyünü etiraf ediblər. Onlar gördükləri azacıq hörmət müqabilində yol polislərinin “ağac dalındakı” əməllərinə göz yumduqlarını bildiriblər. “Əgər göz yummasaq, gərək onda yol polisi adını daşıyan tək-tük adam qalsın. Bizim kameralardan da axı yayınmaq çətindir. Təkcə sürücülük vəsiqəsi olmadan yerlərdə “aylıq hörmət” əsasında avtomobil idarə edənlərin sitatistikasına nəzər yetirsək, yəqin ki, Vaqif müəllim bizdən inciməz”, - deyə jurnalistlər ironiyalarını gizlətməyiblər.
Digər bir jurnalist şöbə rəisinə bu mesajı yollayıb: “Gecə saatlarında sərxoşları qovanda niyə bu açıqlamanı vermirdi?” .
Etiraz edənlərdən biri isə yazıb: “Əminəm, sənin özünü saxlasalar, zəng vurmadığın jurnalist qalamayacaq, ay Vaqif müəllim”.
Digərinin mesajı belədir: “Mən heç vaxt Vaqif Əsədova zəng vurmuram. Çünki bilirəm ki, onu eşidən yoxdur”.
Növbəti etiraz daha tutarlı olub: “Vaqif Əsədov həqiqətən də qanunla işləyirsə, ona müraciət edən jurnalist üçün niyə kiməsə zəng edir?”.
Həmkarlar sonda polkovnikə el məsəlini xatırladıblar: “Əl əli yuyar, əl də üzü”.
Görünən odur ki, Vaqif Əsədovun bu açıqlaması həqiqətən də jurnalistlərlə yol polisinin arasını yaman “sərinləşdirib...”.
Vaqif Əsədov “yuxarı”dan gələn zənglərlə qanun pozuntularına “göz yuman” polislər barədə danışarkən jurnalistlərin bu qəbildən olan pozuntulara görə ona dəfələrlə telefon açdığı fikrini irəli sürüb. O, yol polisinin bu cür hallara yol vermədiyini bildirsə də, məsələ ilə bağlı media nümayəndələrini qınayıb:
“Bəzi media nümayəndələri dəfələrlə özləri yol hərəkəti qaydalarını pozduğu zaman mənə zəng vurublar. Yol polisi tərəfindən saxlanılmaları barədə məlumat verərək xahiş ediblər ki, “yol polisinə de, protokol yazmasın”. İnandırım sizi, son bir həftə ərzində bir neçə belə zəng qəbul etmişəm. Hər biri ilə danışmışam. İstəklərinə qulaq asıb mən də zəng vurmuşam. Amma “komandir, bağışlayın sənədləşdirmişik, kömək edə bilmərik” cavabını almışam. Bunu media nümayəndələrinə bildirəndə isə məndən inciməklə yanaşı, həm də “siz bizi düzgün təbliğ edə bilmirsiniz” deyiblər. Guya Vaqif Əsədov jurnalistləri düzgün təbliğ etmir. Burada mənim sözüm yerə düşür, ona görə ki, yol polisi öz işini düzgün icra edir. Amma sizin həmkarlarınız deyir: ”Vaqif müəllim, sizi saymırlar”.
Avtomobilə əyləşən jurnalist kəməri bağlamırsa, qanunla ona protokol yazılmalıdır. Mən buna niyə müdaxilə etməliyəm? Əgər həmin jurnalist yol polisindən qayda-qanun tələb edirsə, ilk növbədə özü qanuna riayət etməlidir”.(modern.az)