Azərbaycan Prezidenti İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2015-ci il 29 may tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.
"Qafqazinfo"nun məlumatına görə, fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş məsuliyyətin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.3. avtovağzala (avtostansiyaya) pasportun verilməsinə görə həmin Qanunun 7.5-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumu məbləğinin müəyyən olunması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.4. həmin Qanunun 7-1.6-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.5. avtonəqliyyat vasitələri üçün saxta və ya keyfiyyətsiz ehtiyat hissələr idxalının qarşısını almaq məqsədi ilə müvafiq təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.6. həmin Qanunun 9.2-ci maddəsinə uyğun olaraq, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair tələbləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.7. avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələrinin məcburi sertifikatlaşdırılmalı olan mallara aid edilməsi məqsədi ilə “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarında müvafiq dəyişikliklər etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci, 14.1-1.1-ci, 14.1-1.4-cü və 21-1.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.2. həmin Qanunun 7-1.5-ci, 9.3-cü, 15-1.1-ci, 15-1.2-ci (birinci cümlədə birinci halda), 15-1.3-cü (ikinci cümlədə birinci halda), 15-1.4-cü və 15-1.5-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir;
2.3. həmin Qanunun 15-1.2-ci (birinci cümlədə ikinci halda), 15-1.3-cü (ikinci cümlədə ikinci halda) və 15-1.5-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;
2.4. həmin Qanunun 7-1.6-cı maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
3. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üç ay müddətində aşağıdakı standartları təkmilləşdirərək, Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
3.1. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təklifləri əsasında “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-1.6-cı maddəsinin birinci cümləsində nəzərdə tutulmuş sahə standartlarını;
3.2. avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələrinə dair standartları.
4. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi bu Fərmanın 3.1-ci bəndində və 5-ci hissəsində nəzərdə tutulmuş standartlar qüvvəyə mindiyi gündən üç ay müddətində avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarını (sahələrini) həmin standartlarla tanış etsin.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi, habelə avtonəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət, nasazlığın aradan qaldırılması, eləcə də onların etibarlı və təhlükəsiz istismarı və ekoloji yararlılığı üzrə kompleks işlər sahəsində mütəxəssislərin peşə standartlarını 2016-cı il yanvarın 1-dək təsdiq edərək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim etsin.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".