Rumıniya məhkəməsi Rusiyanın “LUKoil” şirkətinin törəmə strukturu, bu ölkənin Ploeşti şəhərindəki neftayırma zavodunu idarə edən “Petrotel” şirkətinin top-menecerlərinin barəsində yaşayış yerini dəyişməmək barədə qətimkan tədbirini dəyişdirməkdən imtina edib.
“Yenimeydan.info” virtualaz.org-a istinadən xəbər verir ki, məhkəmə həmçinin “Petrotel”in 2 milyard avroluq bank hesabına qoyulmuş həbs qərarını da dəyişdirməyib, məsələyə baxılmasını iki həftə sonraya təxirə salıb.
Azərbaycanlı neft maqnatı Vahid Ələkbərovun Rumıniyadakı aktivlərinə həbs qoyulması vergidən yayınma ittihamları ilə əlaqəlidir. Rumıniya prokurorluğu “Petrotel”i və onun menecerlərini iri məbləğdə vergidən yayınmaqda, ölkə büdcəsinə 1,2 milyard avroya yaxın ziyan vurmaqda ittiham edir.
İş üzrə istintaq ötən ildən aparılsa da son vaxtlar “LUKoil”a qarşı təzyiqlər daha kəskin xarakter alıb. Vahid Ələkbərov bu günlərdə Rumıniya prezidenti Klaus Yohannisə məktub yazaraq “LUKoil”un işi üzrə şəxsi görüş xahiş etmişdi. Lakin Rumıniya tərəfi bu məktubu mətbuata sızdırıb, görüş xahişinə cavab verilməyib və Ələkbərovun şirkətinə qarşı təzyiqlər daha da artıb.
“LUKoil”un Rumıniyada indiki vəziyyətlə üzləşməsinin arxasında şirkətin “krişnası” hesab edilən baş nazir Viktor Pontanın mövqelərinin zəifləməsi dayanır. Viktor Ponta özü də hazırda korrupsiya ittihamları qarşısındadır.
Baş nazir “LUKoil” şirkəti və digər energetika şirkətləri ilə korrupsiya əlaqəsində şübhəli sayılır. Prezident Yohannis onu könüllü istefaya çağırıb.
“LUKoil”un nümayəndəsi Tomas Müller deyib ki, Rumıniya hüquq-mühafizə orqanlarıın təzyiqləri onları Ploeştedəki zavodu bağlamağa məcbur edə bilər.
T.Müllerin bildirdiyinə görə, olduqca qəribədir ki, bu təzyiqlərin başlamasından sonra zavodu almaq üçün onlara üç təklif daxil olub. Hansı ki, Avropada neftayırma biznesi hazırda çətin günlərini yaşayır və “LUKoil”un zavodunu almağa bu cür marağın olması qəribədir.
Şirkət isə zavodu satmaq istəmir, çünki bank hesablarının bağlanmasına və vergidən yayınma istintaqına görə zavodu ucuz qiymətə almaq istəyirlər.
Vəziyyətlə yaxından tanış olan mənbə isə deyib ki, “LUKoil”un neftayırma zavodu ətrafındakı situasiya prezident Yohannislə baş nazir Ponta arasında siyasi mübarizənin birbaşa nəticəsidir. Yohannis qərbmeylli hesab edilir, Ponta isə daha çox rusmeyllidir.