Binəqədi rayonu, Azadlıq prospektində yaşayan sakinlər musavat.com-a imdad mesajı göndəriblər. Məsələ burasındadır ki, adıçəkilən ərazidəki 5 binanın sakinləri, yaxınlıqdakı parkın məhv edilməsindən narazılıq edirlər.
Strateq.az Musavat.com-a istinadən xəbər verir ki, Azadlıq prospekti və N.Nərimanov küçəsində yerləşən yaşayış binalarının həyətində olan ərazini zəbt edərək, orada bina ucaltmaq istəyirlər. Həmin ərazi isə ağaclardan və yaşıllıqdan ibarətdir. Parka yaxın olan 5-6 binanın sakinləri boş vaxtlarında burada istirahət edirlər.
Məhz sakinlər öz hesablarına parkı bir az da olsa, abadlaşdıraraq, orada ağacların qurumasının qarşısını alıblar. Yeni ağaclar əkiblər, zibildən təmizləyiblər.
İndi isə vəzifəli qohumlarından istifadə edən bəzi şəxslər buranı hasarlayıb, 2 ədəd 4 mərtəbəli yaşayış binası tikmək istəyirlər.
Bunları müxbirimizə sakinlər deyiblər. Onların sözlərinə görə, adıçəkilən ərazi uzun zamandır ki, icra hakimiyyəti tərəfindən sökülərək, kimlərəsə satılmağa cəhd edilir: "Bu problem indi yaranmayıb. Bir dəfə buranı bir tikinti şirkəti almışdı. Hətta hasar da çəkmişdilər. Amma biz imkan vermədik, əlaqədar qurumlara şikayət etdik. Tikinti dayandırıldı və hasar söküldü. Amma daim söz-söhbət gəzir ki, burada bina tikəcəklər. İndi isə məsələ dəqiqləşib. Cavid Babayev adlı şəxs burada iki ədəd 4 mərtəbəli yaşayış binası tikmək fikrinə düşüb. Amma biz bilirik ki, bu, sadəcə, bir addır. Binanı tikdirmək istəyən Emin adlı şəxsdir. O da deputat Madər Musayevin bacısı oğludur. Özü də burada olub. Hay-küy düşəndə dedi ki, "Mənim 600 min manat xərcim çıxıb. O pullar batmalıdır?"
Şikayətçilər deyirlər ki, Binəqədi İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun da bu işdən xəbəri var: "Ayın 29-da gecə saatlarında bura texnika gətirdilər. Bildik ki, ağacları məhv edəcəklər. Bütün sakinlərlə düşdük həyətə, imkan vermədik. Tez İcra Hakimiyyətinin "qaynar xətti” olan 16-46 nömrəsinə zəng vurduq, həm də dəfələrlə... Amma fayda vermədi. Çünki İcra Hakimiyyətinin da bu işdə əli var. İcra başçısı Xaləddin İsgəndərovdan xəbərsiz rayonda daşı-daş üstə qoymaq olmur. İcra Hakimiyyətinə göndərdiyimiz şikayət məktubuna cavab olaraq, yazdıqları sənəddən də bunu anlamaq olur.
Orada qeyd edilir ki, "Binəqədi rayonu, 8-ci mikrorayon, Azalıq prospekti 32 saylı yaşayış binasının arxasında Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 15.12.2014-cü il tarixli, 18/03-8/3463 saylı məktubu ilə razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq, Babayev Cavid Şahmurad oğluna 2 ədəd 4 mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilib. Lakin sizin narazılığınız nəzərə alınaraq, yaşıllıq sahəsinin ətrafında özbaşına çəpərlənmiş torpaq sahəsinin hasarı sökülüb və sahə əvvəlki vəziyyətinə qaytarılıb. Həmçinin narazılığa səbəb ola biləcək hallara yol verilməməsi məqsədilə sözügedən ərazi nəzarətə götürülüb". Deməli, onların hər şeydən xəbərləri var. Bu məktub bizə aprelin 30-da gəlib. Bəs, indi necə oldu ki, burada tikintiyə icazə verdilər?
Dünən, yəni iyulun 30-da yenə həmin adamlar gəlmişdilər. Bu dəfə onları polislər də müşayət edirdilər. Onların arasında müstəntiq də var idi. Mən başa düşmürəm, onun burada nə işi var? Cinayət baş verib? Yoxsa, sakinləri polis gücü ilə qorxutmağa çalışırlar? Burada 5-6 binanın sakinləri eyni fikirdədirlər. Binaların həyətləri yoxdur. Hamı uşağını götürüb, buraya gəlir ki, 5-10 dəqiqə oturub, dincəlsin. Onu da əlimizdən almaq istəyirlər. Buranı təmir edib, abadlaşdırmaq əvəzinə, məhv etmək istəyirlər".
Uzun illər müəllimə işləyən Zülfiyyə Abasova bildirdi ki, ərazidəki ağacların quruması üçün qəsdən suları da kəsiblər: "Əvvəlcə suları kəsdilər ki, ağaclara su verə bilməyək və qurusunlar. Bu, onlarda baş tutmadı. Müraciətlər etdik, susmadıq. Suyu bərpa etdilər. Gördüyünüz bütün ağacları bu binalarda yaşayanlar əkiblər. Özümüz burada təmizliyə nəzarət edirik. Güllər əkmişik. Əlimizdən gələni edirik ki, səliqəli olsun. Heç kimə imkan vermərik ki, buranı qanunsuz olaraq, dağıtsın.
Burada tikinti işləri aparmaq istədikləri gün hər yerə xəbər verdik. Müraciətlərimiz cavabsız qalmayıb. İDEA təşkilatından də gəldilər, Ekologiya Nazirliyindən də... Baxdılar, fotolar çəkdilər. Bizə dedilər ki, "Narahat olmayın. Biz onların bütün sənədlərini yoxlayacağıq. Qanunsuz iş görmələrinə imkan vermərik". Sağ olsunlar".
Sakinlərdən aldığımız məlumata görə, binanı tikdirmək istəyən şəxs, deputat Hacı Madər Musayevin bacısı oğlu Emindir: "Binəqədi rayonunda yeni tikilən 4 mərtəbəli binalar Hacı Madərindir. Görünən odur ki, burada da iki bina tikdirmək eşqinə düşüb. Biz buna imkan verməyəcəyik. Yaşıllığı məhv etmək olmaz".
Yüzlərlə şikayətçi sakindən biri olan Olqa Jelijenko ölkə başçısının sərəncamını göstərərək, burada tikinti işlərinin aparılmasının qanunsuz olduğunu dedi: "Prezidentin sərəncamı var. Orada da deyilir ki, "Mövcud yaşayış binalarındakı sakinlərin normal yaşayışı üçün ərazisi və şəraiti olmayan həyətlərdə, habelə idman meydançalarında, təhsil və səhiyyə müəssisələrinin ərazilərində, həyətlərə giriş və çıxış yollarında yeni binaların və digər təyinatlı qurğuların tikintisi qadağan edilir".
Bunların bu əməli qanuna ziddir. Məsələ ilə bağlı hər yerə müraciətlərimiz olub. Buranı uzun zamandır ki, kiməsə satmağa çalışırlar. Belə şey olmaz. Burada ümumilikdə 400-ə yaxın ailə yaşayır. Faciəvi şəkildə yanan binanın sakinləri də bununla bağlı şikayət etmişdilər. Çünki ərazidə olan 5-6 binanın ortaq həyəti buradır. Hamı buraya gəlir. Bu balaca park böyüklərin təmiz hava aldığı, uşaqların isə qaçıb-oynadığı yerdir".