Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) kollegiyası "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında qərar verib.
Sənədə əsasən, DGK-nın 9 mart 2010-cu il tarixli, 031 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi haqqında Əsasnamə” ləğv edilib.
Sənədə əsasən, DGK-nın Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin fəaliyyət istiqamətlərinə gömrük işi sahəsində elektron xidmətlərin göstərilməsini təşkil etmək; gömrük işi sahəsində layihələrin hazırlanmasını və tətbiqini təmin etmək; gömrük işinin beynəlxalq təcrübələrdən istifadə etməklə müasirləşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə innovasiya texnologiyaları layihələrini işləmək və tətbiq etmək; gömrük orqanlarının və gömrük əməkdaşlarının fəaliyyətini qiymətləndirmək; xarici ticarətin gömrük statistikasını aparmaq və xarici ticarətin cari vəziyyətini, dinamikasını, perspektivlərini təhlil etmək; həmçinin qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək daxildir.
Baş İdarənin vəzifələri sırasına isə gömrük işi sahəsində elektron xidmətlərin təşkili üzrə layihələri hazırlamaq və idarə etmək; beynəlxalq ticarətin asanlaşdırılması, ticarət dövriyyəsinin həcminin artırılmasının stimullaşdırması və xarici ticarətin təhlükəsizliyinin təmin olunması üzrə layihələri hazırlamaq və idarə etmək; iqtisadi operatorların və əhalinin ehtiyaclarını öyrənmək, təhlil etmək və informasiya sorğularını cavablandırmaq; ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə xarici ticarətin iştirakçıları və iqtisadi operatorlarla tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək; gömrük işi sahəsində layihələrin hazırlanmasını və tətbiqini təmin etmək və həyata keçirilən layihələrin beynəlxalq standartlara uyğunluğunu təmin etmək; gömrük infrastrukturunun müasirləşdirilməsi üzrə layihələri hazırlamaq və idarə etmək; gömrük nəzarətinin və rəsmiləşdirilməsinin keyfiyyətinin yüksəldilməsi məqsədilə innovasiya texnologiyalarının tətbiqi üzrə layihələri hazırlamaq və idarə etmək; gömrük xidmətində informasiya sistemlərini və informasiya texnologiyalarını daha səmərəli idarə etmək və informasiya təhlükəsizliyini təmin etmək; gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemini idarə etmək; gömrük işi sahəsində informasiya - kommunikasiya texnologiyalarının tətbiqi üzrə strategiyanı hazırlamaq və tətbiqi üzrə layihələri həyata keçirmək; gömrük xidmətinin bütün fəaliyyət sahələrini etibarlı rabitə vasitələti ilə təmin etmək; gömrük xidmətinin funksional fəaliyyət sahələrinin qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə layihələri hazırlamaq; gömrük orqanlarının, gömrük əməkdaşlarının fəaliyyətinin və gömrük infrastrukturunun qiymətləndirilməsi və səmərəliliyinin artırılması üzrə tədbirləri həyata keçirmək; Baş İdarənin və tabeliyində olan struktur bölmələrinin işini təşkil etmək, onların fəaliyyətinə nəzarət etmək, qiymətləndirmə və monitorinqini keçirmək; Komitənin digər struktur bölmələrinin müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək; fəaliyyət istiqamətlərinə uyğun təhlilləri aparmaq, beynəlxalq təcrübənin öyrənilməsi və gömrük xidmətinin təkmilləşdirilməsi istiqamətində Komitənin rəhbərliyinə təkliflər vermək; qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun tədbirlər görmək; görülmüş işlərin nəticələri barədə Komitə tərəfindən müəyyən olunmuş forma üzrə hesabatları hazırlamaq və vaxtında aidiyyəti üzrə təqdim etmək; Komitənin iş planında və kollegiyasının qərarlarında, Komitə üzrə əmr və sərəncamlarda nəzərdə tutulmuş tədbirləri yerinə yetirmək; Baş İdarədə kargüzarlıq və arxiv işinin aparılmasını təmin etmək; gömrük xidmətində kağızsız texnologiyaların tətbiqi əsasında insan amilini və məmur-vətəndaş təmasını minimuma endirmək və şəffaflığı artırmaq; idarəçiliyin ayrı-ayrı sahələrində çatışmazlıqların müəyyən olunması və aradan qaldırılması məqsədi ilə təhlillər aparmaq; gömrük orqanlarının və gömrük əməkdaşlarının fəaliyyətinin təhlili və təkmilləşdirilməsi üzrə təkliflər vermək; ümumi strategiyanın və tətbiq edilmiş konkret tədbirlərin effektivliyinin qiymətləndirilməsi məqsədi ilə təhlillər aparmaq; Azərbaycan Respublikasının xarici ticarətinin gömrük statistikasını və xüsusi gömrük statistikasını aparmaq və xarici ticarətin cari vəziyyətini, dinamikasını, perspektivlərini təhlil etmək; elektron hökumət sahəsində Komitənin səlahiyyətlərinə aid olan layihələri həyata keçirmək; iqtisadi operatorlara və əhaliyə Baş İdarənin Çağrı Mərkəzi bölməsi, rəsmi internet saytı və digər vasitələrlə xidmət göstərmək; Komitənin informasiya resurslarının digər dövlət qurumlarının, o cümlədən başqa ölkələrin gömrük orqanlarının və beynəlxalq qurumların informasiya resursları ilə inteqrasiyasının və informasiya mübadiləsinin aparılmasını təşkil etmək; fəaliyyət istiqamətləri üzrə Komitənin rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək daxildir.
Baş İdarənin Çağrı Mərkəzi bölməsinin inspektorları isə fiziki və hüquqi şəxslərdən daxil olan müraciətlərə cavab verəcək, bölmədə müəyyən səbəbdən buraxılmış zənglər üzrə əks əlaqə yaradaraq müvafiq xidmət göstərəcək, daxil olmuş sorğular əsasında sual-cavab bazasının hazırlanmasında və təkmilləşdirilməsində iştirak edəcək, xidməti fəaliyyətlə bağlı Baş İdarə rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirəcək(Report).