Fransada Səudiyyə kralı Salmanın yalnız hərəm və əshabələri ilə istirahət edə bilməsi üçün “Fransız Rivyerası”nın bir hissəsinin bağlanmasına qarşı petisiyanı 100 min nəfər imzalayıb.
Petisiyada deyilir ki, “Valorisdəki sahil hamının istirahəti üçün açıq omalıdır”. Hakimiyyət orqanları şənbə günü kral Salmanın gəlişi ərəfəsində hər hansı etirazı önləmək üçün dəniz sahilini bağlayıb. Səudiyyə monarxının buradakı villada üç həftə istirahət etməsi gözlənilir.
Onun hərəmxana və əshabələrindən ibarət 1000 nəfərlik heyəti şənbə günü iki “Boeing 747”-də Nitsa hava limanına enib.
Kral və onun yaxın çevrəsi Antib və Marsel arasında yerləşən villada, 700 əshabəsi isə Kann şəhərinin otellərində qalmalıdır.
Kann Otel Menecerləri Assosiasiyasının prezidenti Mişel Şevilyon deyib ki, bu, yerli iqtisadiyyat üçün “yaxşı xəbərdir”.
“Bu adamlar nəhəng alıcılıq qabiliyyətinə malikdirlər” - deyə M.Şevilyon bildirib.
Lakin La Mirandob sahilinin kral Salmanın villasının altında yerləşən hissəsinin bağlanması yerli sakinləri qəzəbləndirib.
“Biz inanırıq ki, bu təbiət zonası da bütün başqa dənizkənarı mülkiyyət kimi hamı üçün açıq olmalıdır. Biz dövlətdən bütün vətəndaşların qanun qarşısında bərabərliyinin təmin olunmasını tələb edirik” - deyə petisiyada bildirilir.
Valorisin meri də Fransa prezidenti Fransua Ollanda etiraz məktubu yazaraq bildirib ki, sözügedən villada icazəsiz tikinti-quraşdırma işi aparılıb.
Kralın sahilə qalxıb-enə bilməsi üçün burada liftin quraşdırılması məqsədilə sahilə sement platforma tökülüb. Hərçən səudlar əlahəzrətin istirahəti başa çatan kimi bu platformanı sökməyi vəd ediblər.
“Biz təhlükəsizilik mülahizələrini və iqtisadi marağı başa düşürük. Lakin heç kəs torpaq qanununu pozmaq səlahiyyətində olmamalıdır” - deyə mer Mişel Saluki məktubunda bildirir.
Kralın burada yaşayacağı müddətdə bu mülkiyyətin 300 metrliyinə yaxınlaşmaq qadağan olunub.
“Biz bunların əlindən artıq boğaza yığılmışıq. Mən başa düşürəm ki, onun təhlükəsizliyini təmin etmək lazımdır, lakin mənim də dənizdə üzmək haqqım var” - deyə bir yerli qadın “Frans Press” agentliyinə açıqlamasında bildirib.
AzadlıqRadiosu