İstər yüklər üçün, istərsə də təktərəfli reyslərin gedişi iləbağlı, o cümlədən bilavasitə hər bir reysin daşıdığı ümumi insan kütləsinin sayına uyğun endirimlər cəmiyyətin gözləntilərinə uyğun olmadı. Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Hava Yolları QSC-nin bütün mövcud reyslərində cari qiymətlərin azaldılmasına yönəlmiş yeni tarif siyasətinə münasibət bildirərkən millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, sözügedən məsələ sadəcə qiymətlərlə kifayətlənməməli idi: “Ölkə başçısısı müşavirədə bu məsələlərlə bağlı çox kəskin bir şəkildə insanların narahatlığını dilə gətirərək aviakompaniyaların real araşdırma aparması və daha uyğun güzəşt addımlarının atılması istiqamətində çağırış verib. Düşünürəm ki, bu, sadəcə bilet qiymətləri ilə bağlı deyil. Ümumiyyətlə, AZAL-ın idarəçiliyinin dəyişdirilməsinə ciddi ehtiyac var. Zaman-zaman bu məsələni parlamentdə də qaldırmışdıq ki, məsələn, təyyarədən enən istənilən insan yalnız taksi xidmətinin ehtiyacına qalır. Ancaq dünyada xüsusi ilə olaraq beynəlxalq miqyasa çıxmış, hətta bəzən lokal miqyaslı hava limanlarında belə xüsusi növ nəqliyyat - qatar, avtobus istifadə edilir, o cümlədən hotellərə daşınma xidmətləri həyata keçirilir. Buna görə də hesab edirəm ki, məsələni sadəcə bir problem üzərində qərarlaşdırmaq bir az yanlış olardı. Qiymətlərlə bağlı normal tariflərin bərqərar olması ilə yanaşı, məsafə, seçim kimi məsələlərin beynəlxalq praktikada özünü göstərən ayrı-ayrı mühüm şirkətlərə verilməsi, ucuzlaşma kompaniyasının həmin sistem əsasında həyata keçirilməsi, o cümlədən idarəçiliklə icra işinin ayrılmasına ehtiyac var”. Millət vəkili bildirib ki, AZAL ümumi bazarda əsas rəqabət şərtlərini diqtə etdiyindən, başqa alternativ rəqabət qurumları olmadığından qiymət siyasətindəki dəyişiklik də bu gün qane edici deyil: “Zənnimcə, ölkə rəhbərinin məlum açıqlamaları onun sübutudur ki, toxunulmaz şəxs yoxdur. Bu məsələlərlə bağlı insanların narahatlığı mütləq qiymətləndirilməldir. Seçilən ayrı-ayrı güzəşt şərtlərini elə şəkildə etmək lazımdır ki, vətəndaş bir parametrdə bilet qiymətlərinin nisbətən ucuzlaşmasını hiss etdiyi halda, başqa bir parametrdə - yük və başqa şərtlərə görə - böyük ödəmələrə məruz qalmasın”. Deputat Fazil Mustafa isə sözügedən məsələ ilə şəffaflığın ön planda olmasını diqqətə çatdırıb: “Əslində qiymət önəmli deyil, əsas şəffaflıqdır. Qiymətlər endirilə bilər, ancaq bilet tapmaq mümkündürmü? Əsas bu məsələ üzərində fikir yürüdülməldir. Çünki əks halda bilet tapılmadıqda yer çatımazlığı probelmi yaranır və qiymətlər yenidən baha olaraq qalır. Bu baxımdan da məsələnin bir qədər bu formada təqdim olunması doğru deyil. Biletlərdən öncə onların əl çatanlığı təmin edilməldir. Çünki qiymətlərin ucuzluğunun daha çox rəqabətdə üzə çıxması mümkündür. Azərbaycanda da faktiki olaraq hazırda bu sahəyə baxan bir şirkət olduğundan bu işlərdə müəyyən dərəcədə nəyinsə əsaslandırılmış olmasını sübut etmək çətindir. Buna görə daha çox şəffaflıq üzərində dayanılmalıdır. Düzdür, çəkiyə görə yüklərin qiymətinin müəyyən olunmasında insanlar üçün problemlər yaradan məqamlar var. Ancaq inandırıcılıq da olmalıdır. AZAL cəmiyyətə daha aydın informasiya verməli, daha çox kimlərin faydasına ola biləcək qiymətdən söhbət getdiyini ən azı öz imici baxmından göstərməlidir. Əgər bu baş tutarsa, onda məsələ üzərində nəyisə həyata keçirmək daha doğru olar. Ümid edirəm ki, AZAL belə bir açıqlamanı verəcək”. Aydın Mirzəzadə isə məsələyə bu cür münasibət bildirib: “Əslində AZAL təyyarə uçuşları çeşidini artırıb. Yəni əvvəlki servislərlə və bilet qiymətləri ilə uçuşlar yenə də qalır. Sərnişinlərə bir sıra reyslərə əlavə iki bilet növü təklif edir. Birincisi, yemək və yük pulu nəzərə alınmadan aşağı ödənişli biletlər, ikincisi, daha yüksək servisli, amma çox baha bines-lüks biletlər. Təqribən iki saat yarımlıq uçuşda yemək verilməsinə əslində heç ehtiyac yoxdur. Həmçinin, bir sıra şəxslər az yüklə uçsalar da, yenə də yüksək qiymət ödəməli olurdular. Yəni hər bir kəs hansı uçuş növündən istifadə edəcəyini özü seçəcək. Eyni zamanda, imkanlı insanalar əlavə ödəniş hesabına daha kamfortlu uçuş edə biləcəklər. Ucuz biletli uçuşlar tələbələr, azyüklü sərnişinlər, bir neçə günlüyə səfər edənlər üçün çox sərfəlidir. Hər halda ortada olan informasiyalar bunu deyir. Deputatlar bu məsələni diqqətdə saxlayacaqlar”. Qeyd edək ki, AZAL ötən gün verdiyi açıqlamada qiymətlərin endirilməsi ilə bağlı məlumat yayıb. Məlumata əsasən, Bakı-Antalya-Bakı reysi ilə bu ilin avqustundan başlayaraq həftədə 3 uçuş, Bakı-İstanbul-Bakı reysi ilə bu ilin sentyabrından başlayaraq hər gün 1 uçuş, Bakı-Moskva-Bakı reysi ilə bu ilin oktyabından başlayaraq hər gün 2 uçuş, Bakı-Dubay-Bakı reysi ilə bu ilin oktyabrdan başlayaraq hər gün bir uçuş həyata keçiriləcək. Bu reyslərin seçilməsinin səbəbi azərbaycanlıların məhz bu regionlara olan marağıdır. Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçiriləcək. Bu istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xətlərinin yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq. Bununla belə qiymətləri 20 faizlə endirilən reyslərdə sərnişinlər bütün növ yüklər üçün 50 AZN ödəməli olacaqlar.