Bakıdan Kobuletiyə gedən azərbaycanlı turistin yol xəritəsi...
Hər il yay tətili zamanı istirahət etmək üçün uyğun məkan axtarırıq. Bəzilərimiz aylar öncədən hər şeyi həll edirik ki, qiymətlər ucuz olsun.
Vətəndaşlarımız əsasən qonşu ölkə olan Gürcüstana və ya öz doğma rayonlarına üz tuturlar. Səbəb də ki, hər birimizə məlumdur: Daha ucuz olsun.
Çünki Azərbaycan vətəndaşının aylıq gəliri öz ölkəsində olan turizm bölgələrinə getmək üçün kifayət etmir. Ya biz az qazanırıq, ya da istirahət obyektlərimiz çox bahalıdır. Bəlkə də vəziyyət tamamilə başqadır.
Tətil məkanlarının sahibləri əsasən məmurlar olduğu üçün vətəndaşların aylıq gəlirləri ilə bağlı təsəvvürləri çox yanlışdır. Elə düşünürlər ki, hər kəs onlar kimi "yağ-bal içində" yaşayır. Ona görə də, qiymətləri o qədər yüksək ediblər ki, o yüksəkliyə çatmaq üçün əhalinin böyük hissəsinin "boyu" çatmır.
Mən də həmin vətəndaşlardan biri olduğum üçün tətilimi qonşu ölkədə - Gürcüstanda, daha dəqiq desəm, Kobuleti şəhərində keçirməyə qərar verdim. Bizim turizm şirkətlərinin Gürcüstanda tətil üçün təklif etdiyi qiymətlər çox yüksəkdir.
İlk olaraq, Kobuleti haqda sizə qısa məlumat verim. Osmanlı dövründə adı Çürüksu olan Kobuleti, Gürcüstandakı Acarıstan Muxtar Respublikasının ərazisində olan şəhərdir. Kobuleti Qara dəniz sahilində yerləşir. Dəmiryolu stansiyasının və çay emalı müəssisələrinin olduğu Kobuleti, yay aylarında turistlərin ən çox üz tutduğu istirahət yerlərindən biridir. Şəhərin cəmisi 20 min nəfərə yaxın əhalisi var. Gürcüstanın keçmiş baş nazirlərindən Zurab Noğaideli Kobuletidəndir.
Qayıdaq, səfərimizə... Bakı Beynəlxalq Avtovağzalından bilet alaraq, (12 manat), gecə saatlarında yola düşdüm. Sizə isə qatarla getməyi məsləhət görürəm. Çünki Bakı-Tiflis avtobuslarımız çox köhnədir. 9 saatlıq yolu bu avtobusla getmək çox çətindir. Kondisionerin necə işlədiyi məlum deyil. Haradan və nə cür sərin vurduğunu anlamaq olmur.
Sürücülər yol kənarındakı kafelərlə anlaşma bağladıqları üçün yalnız o kafelərdə yemək fasiləsinə dayanırlar. Və həmin kafelər sizə olduqca bərbad xidmət təklif edirlər.
Misal üçün Kürdəmirdəki kafedə bizə çayla bir yerdə şokolada bənzəyən bir şey də təklif etdilər. Solfet qalınlığında kəsilmiş və azı 3 gündür ki, öz müştərisini gözləyən şokoladlara baxdım. O da az qalsın, başını qaldırıb, "məni xilas et" deyəcəkdi. Amma solfetə yapışdığı üçün bunu edə bilmirdi. Ofisiantı çağırıb, iradımı bildirəndə sadəcə, üzümə baxmaqla kifayətləndi. Bir sözlə, özünüzlə yemək götürməyi unutmayın.
Yorğun, ayaqlarımız sıxılıqmaqdan tutulmuş vəziyyətdə çatdıq "Sınıq körpüyə"... Hər kəs kimi dayandım, sıraya... Birdən çox zaman alışdığımız fəndlər işlədilməyə başlandı. Özlərini digərlərindən daha ağıllı, cəld hesab edənlər, belə bəhanələr uyduraraq, sırada önə keçməyə cəhd edirdilər. Çox vaxt da bu cəhdlər öz bəhrəsini verirdi.
Həmin bəhanələr əsasən belə olur:
1. "Uşaqlıyam, yol verin" - Özü keçir, ardınca da 10 nəfər...
2. "Əməliyyat olunmuşam, yol verin" - Özü ilə 5-6 qutu “Nataktari” aparır.
3. "Hamiləyəm, ayaq üstə dayana bilmirəm".
4. "Bizim avtobus keçib, məni gözləyirlər".
Bununla belə gömrükdən keçib, yenidən köhnə avtobusumuza minib, yolumuza davam etdik. Tiflis avtovağzalına çatıb, 5 lari verərək, (Azərbaycanlı taksi sürücülərinin xidmətindən istifadə etməyin. Daha bahalıya başa gələcək) otelə yola düşdük. Onu da qeyd edim ki, paytaxt Tiflis şəhərində otellərin qiyməti çox da bahalı deyil. Qiymətlər 50-110 lari (23-51 manat) arasında dəyişir. Çantalarınız çoxdursa, taksi sürücüsünə 5 lari (2.30 manat) daha verərək, sizi normal otelə aparmasını xahiş edə bilərsiniz.
Bir gün Tiflisdə qaldım. Gün ərzində 3 dəfə yemək yedim. Hər birini də fərqli restoranda... Ümumi olaraq, 30 lari (13.80 AZN) ödədim. Bu da çox normal qiymətdir.
Öncədən avtovağzala gedərək, “Metro” şirkətindən Kobuletiyə 25 lariyə (11.50 AZN) bilet aldım. Tiflis şəhərindən Kobuletiyə qədər olan yol məsafəsi 5 saatdır. Yolda 3 dəfə fasiləni də nəzərə alsaq, 6 saata çox rahat şəkildə Kobuletiyə çatmış olacaqsınız.
Oraya çatan kimi taksilərə yaxınlaşın. 10 lariyə (4.50 AZN) sizi istədiyiniz otelə aparacaqlar. Məsləhətim Çariça Tamara küçəsində olan otellərdir. Burada qiymətlər 50-70 lari (23-32 AZN) arasında dəyişir və çox yaxşı xidmət təqdim edilir. Həm də, otellər dəniz sahilində yerləşir. Bura Kobuletinin ən gözəl yeri hesab edilir.
Bir həftə üçün 2 nəfərlik otağa görə otelə 350 lari (161 AZN) ödədik. Otel dənizdən 50 metr kənarda yerləşirdi. Belə bir xidməti təqdim edən bir otelin Azərbaycanda da olduğunu düşünün. Yəqin ki, otelin bir gecəsi 161 manat olardı.
Restoranlar isə ucuzluq üzrə sanki bir-biriləri ilə yarışa giriblər. İki nəfər üçün bir günlük, 3 dəfə olmaq şərti ilə yemək xərcləri 40-50 lari (19-23 AZN) edir.
Kobuleti, Tiflis və Batumidən fərqli olaraq, çox sakit bir şəhərdir. Hətta qəsəbə belə, demək olar. Gecələr səhərə kimi diskoteka, barlarda əyləncə axtaranlar bu şəhəri bəyənməyəcəklər. Çünki bura çox sakit, əsl dincəlmək üçün olan bir məkandır. Barlar və diskolar mövcud deyil. Bununla yanaşı, restoranlarda canlı musiqilər, rəqs etmək üçün pistlər də mövcuddur.
Dağlardan gələn təmiz hava, yaşıllıq, Qara dənizin möhtəşəm görüntüsü insanı valeh edir.
Günün istənilən saatında dənizdə üzən yüzlərlə adam görmək olar. Burada olduğum 7 gün ərzində diqqətimi çəkən şeylərdən biri də, tətilə gələnlər arasında gürcülərin çoxluq təşkil etməsi oldu. Bu da onu göstərir ki, gürcülər öz ölkələrində tətil edə biləcək qədər qazanırlar. Yəni onlara "kasıbdırlar" deyəndə, bir neçə dəfə düşünmək lazımdır. Onlar öz ölkələrində, istirahət bölgələrində rahat şəkildə tətil edə bilirlər. Bəs biz..? Biz öz turistik bölgələrimizdə belə rahat şəkildə istirahət edə bilirikmi?
Kobuletidə dincəlməyin üstünlükləri çoxdur. Onlardan biri də Kobuleti ilə Batumi şəhəri arasında 30 dəqiqəlik bir məsafənin olmasıdır. Marşrut avtobusları ilə 1.50 lariyə (0.70 AZN) Batumiyə gedərək, gün boyu əylənib, gecə yenidən eyni qiymətə geri qayıda bilərsiniz.
Batumi daha səs-küylü şəhərdir. Gecələr sanki yuxudan oyanan bu şəhər turistlərin ən çox üz tutduğu bir məkandır. Burada da otellər, restoranlar cibimizə uyğundur. Amma Kobuleti qədər ucuzluq deyil.
Batumi haqqında öncəki yazımızda daha ətraflı məlumat vermişdik.
Kobuletidə Qara dəniz sizin hər zaman xidmətinizdədir. Dənizə girmək üçün kiməsə pul ödəmək lazım deyil. Restoranlarda bir stəkan çay içərək, saatlarla otursanız da, sizə heç kim bir söz deməyəcək.
Bunlardan əlavə, dənizdə əylənmək üçün əlavə şəraitlər də yaradılıb. Kater və ya gəmi ilə gəzintinin qiyməti də hər cibə uyğundur - 10,15 lari...
Yeddi gün Kobuletidə qaldıqdan sonra döndük, Tiflisə... Gedərkən avtobusun narahatlığı bizə artıq lazımi “dərs” verdiyi üçün Bakıya qayıdarkən eyni səhvi etmədim. "Sınıq körpüyə" kimi taksi ilə gəldim. Bunun üçün sürücüyə 35 lari (16 AZN) ödədim. Oradan da çox rahat şəkildə sərhədi keçərək, (alverçilər yox idi) taksi ilə Bakıya qayıtdım.
Təbii ki, burada seçim sizdən asılı olur. Taksi ilə geri qayıtmaq sizə baha başa gəlir. Bir nəfər üçün 25 manat... Amma siz 13 manata böyük və kiçik tutumlu avtobuslarla Bakıya qayıda bilərsiniz. Bu hissə artıq sizin necə rahat olmanızdan asılıdır.
Ümumilikdə 10 günlük tətil üçün iki nəfərə 900 lari (413 AZN) ödədik. Bu qiymətə daxildir - 2 gün Tiflisdə qalmaq, gün ərzində 3 dəfə restoranda nahar etmək, Kobuletiyə iki nəfərlik gediş-dönüş bileti, 1 həftə Kobuletidə komfortlu oteldə gecələmək, hər gün 3 dəfə restoranda qidalanmaq, 2 dəfə Batumiyə gediş-dönüş... Orada restoran və kafelərdə qidalanmaq, əyləncə məkanlarından istifadə etmək və s.
Təbii ki, hədiyyələr və əlavə xərclər etsəniz, bu məbləğ arta da bilər. Və ya qənaət etsəniz, daha da azalması mümkündür.
musavat.com
“Qafqazinfo”