Bu gündən təhsil nazirinin "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiqi barədə 17.07.2013-cü il tarixli, 739 saylı əmrinin tələblərinə müvafiq olaraq Bakı şəhərində yerləşən məktəblərdə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqların I sinfə qəbulu üçün müsabiqələrə başlanılıb.
Bu barədə Bakı Şəhər Təhsil İdarəsindən məlumat veriblər. Xəbərdə deyilir ki, seçim avqustun 3-nə qədər davam edəcək.
Müsabiqələr Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçirilir. Belə ki, uşaqlarının vaxtından əvvəl məktəbə getməsini arzu edən valideynlər (və ya qanuni nümayəndələr) övladlarının müsahibədə iştirakı üçün iyulun 1-dən 31-nə kimi qeydiyyatdan keçməlidir.
Təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilmiş məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq kursunu bitirmiş şagirdlər isə həmin kursu bitirdiyinə dair sertfikatı çap etməli, eyni zamanda məktəb seçməlidirlər. Kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış xüsusi istedada malik uşaqlar I sinfə müsahibədənkənar qəbul olunacaqlar.
Hazırda 3309 nəfər qediyyatdan keçmiş, onlardan 2681 nəfər müsahibədə iştirak üçün buraxılış vərəqəsi, 628 nəfər isə təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilmiş məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq kursunu bitirməsinə dair sertifikat əldə edib.
Qeyd edək ki, məktəbə qəbul üçün avqustun 15-dən etibarən valideynlər müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbdə fəaliyyət göstərən işçi qrupuna müraciət etməlidirlər. (Virtualaz.org)