Bu gün Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun ad günüdür.
AzVision.az xəbər verir ki, nazir 54 yaşını qeyd edir.
Qeyd edək ki, K.Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonu Çeşməbasar kəndidnə anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji -kəşfiyyat fakültəsini bitirib. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.
Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlayıb, texnik və geoloq vəzifələrində çalışıb.
1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2005-ci ilin dekabr ayında Azərbaycan Respublikası Fövqalədə hallar naziri vəzifəsinə təyin edilib. Ailəlidir 2 övladı var.
Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kamaləddin Heydərova məxsusdur. Mahnılarını "Kamal" imza ilə bəstələyir. Bir neçə hit mahnının müəllifidir. Özbək müğənnisi Nəsibə Abdullayevanın ifa etdiyi "Nigaranam" mahnısı bunlardan ən məşhurudur. 2009-cu ildə bəstəkar Kamalın "Sənə güvəndiyim dağlar" adlı albomu buraxılıb. 4 diskdən ibarət albomdakı mahnılardan ikisinin sözləri Leyla Əliyevaya, digərləri isə şair Baba Vəziroğluna məxsusdur. Müəlliflərin birgə ərsəyə gətirdikləri mahnılar və onların ekran görüntüləri CD və DVD şəklində yerləşdirilib. Disklərin üz qabığında "Səndən nigaranam", "Yenə yaz gələcək", "Xalq Heydər söyləyəcək", "Ayrılığa dözmərəm" mahnılarının adları yazılıb. Disklərdəki mahnılar xalq artistləri Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova və Zülfiyyə Xanbabayevanın, əməkdar artistlər İlqar Muradovun, Aygün Bəylərin, müğənni Röyanın və başqalarının ifasında yazılıb.