Prezidentin son çıxışından sonra bəzi icra hakimiyyətləri vəlvələyə düşüb. Onların sahibkarlara divan tutması və bu faktların ictimailəşməsi icra başçılarını təşvişə salıb.
Xalqxeber.Az-ın əldə etdiyi məlumata görə, Şirvan şəhər icra başçısı ilə bağlı Prezidentə ciddi siqnallar çatıb. Əldə etdiyimiz məlumata görə, siyahıda birinci yerdə Mərdan Camalovun adı keçir.
Mərdan Camalov mətbuatda iş adamlarına təzyiq göstərmək, onlardan xərac toplamaq, obyektlərinə əl qoymaq, bizneslərini yağmalamaqda ad çıxarıb. Eyni zamanda Şirvan şəhərindən sahibkarların ən çox şikayət etməsi məhz Mərdan Camalovun onları hüquq-mühafizə orqanları ilə hədələməsi olub. Danılmaz faktdır ki, son günlər Mərdan Camalovun adı mətbuatın gündəmini zəbt edib. Hətta şəhər sakinləri ölkə başçısına dəfələrlə yazılı müraciət edərək, Mərdan Camalovun özbaşınalıqları, korrupsioner əməlləri, rüşvətxorluqla məşğul olması ilə bağlı narazılıqlarını bildiriblər.
Məlumatda bildirilir ki, sözügedən icra başçısı barəsində Prezident Administrasiyasında dosye hazırlanıb, təftiş aparılır, "haqq” qoyan icra başçısının əməli araşdırılır. Mənbə iddia edir ki, Mərdan Camalovun müavini Elmira Ağayevadan da şikayətlər az deyil. Prezident Administrasiyası səviyyəsində bu məsələlərin analizinə başlandığı bildirilir. Dövlət başçısının son xəbərdarlığından sonra Şirvan şəhər icra hakimiyyətində dəyişikliklər də istisna edilmir.
Qeyd edək ki, Nazirlər Kabinetinin keçirilən son toplantısında prezident İlham Əliyev bəzi nazirliklərə sərt xəbərdarlıq edib. Sahibkarlığın inkişafı barədə danışan prezident bir sıra hallarda sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürüldüyünü bildirib:
"Tam qaydada, şəffaf şəkildə bizdə vergi vermək mədəniyyəti, əfsuslar olsun ki, formalaşmayıb. Dövlət qurumları vergiləri vaxtında verir, amma özəl qurumlar vermir. Mənə məlumatlar gəlir ki, Vergilər Nazirliyi özünü sərt aparır. Burada iki məsələni ayırmalıyıq.
Nazirlik çalışmalıdır ki, vergilər qanuni şəkildə toplansın. Amma əsassız ödəmələr tələbi irəli sürülməməlidir. Sahibkar yalnız dövlətin pulunu verməlidir. Vəssalam. Bundan başqa heç kimə bir manat da verməməlidirlər.
Dövlət qurumlarına da göstəriş verirəm ki, əsassız tələb irəli sürməməlidirlər. Belə hallar var. Vergilər Nazirliyi, hüquq-mühafizə orqanları, icra hakimiyyətləri "haqq" qoyurlar, pay istəyirlər, "krışalıq” edirlər... Buna son qoyulmalıdır, yığışdırılmalıdır!”.
Xalqxeber.Az
-