Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov baş nazirin sabiq müavini Abbas Abbasovun haqqında sensasion ittihamlar səsləndirib.
- Rusiyada Azərbaycan diasporunda vəziyyət necədir. Xüsusi ilə "Azerros” ətrafında olan vəziyyəti necə qiymətləndirirsiniz?
- Əlbəttə, "Azerros” 15 illik tarixində ən pis günlərini yaşayır. Təşkilatda baş verənlər hər kəsə aydındır. Abbas Abbasovun şəxsi ambisiyaları, "Azerros” üzvləri arasındakı ikitirəlik təşkilatı məhvə gətirib çıxarıb. Nəticədə Rusiyadakı aktiv azərbaycanlılar arasında da münaqişə yaranıb.
Hələ iyul ayının əvvəlində Rusiyanın 20-dən artıq regional diaspor rəhbərləri Moskvada toplandı. Onlar məni də bu görüşə dəvət etdilər. Azərbaycan icmasının daxilində olan narahatlıqlarını dilə gətirib, Abbas Abbasovdan tələb etdilər ki, diaspora arenasını tərk etsin və "Azerros”u geri, icmaya qaytarsın. Bundan əlavə, səfirliyə, mənim adıma yüzlərlə məktub gəlirdi. Azərbaycan diasporunun fəalları "Azerros”da yaranan vəziyyətlə bağlı kömək istəyirdilər.
Abbasov isə öz növbəsində onları və Rusiya hakim dairələrini inandırmağa çalışırdı ki, guya onu Azərbaycanda dəstəkləyirlər və Rusiyadakı azərbaycanlılar da onun arxasındadır. Amma Rusiyadakı azərbaycanlılar fərqli mövqe nümayiş etdirdilər. Onlar Abbasovu Rusiyadakı azərbaycanlıların diasporunun düşməni, diasporda baş verən gərginliyin səbəbkarı kimi qəbul etdilər.
- "Azerros” Abbas Abbasova niyə bu qədər lazımdır?
- O, "Azerros”dan bir alət kimi istifadə edərək, özünü Rusiyadakı azərbaycanlıların lideri kimi tanıdırdı. Məqsəd isə aydındır: Rusiya hakim dairələrinə yaxın olmaq istəyi. Əslində isə o, Rusiyada olan azərbaycanlı iş adamlarına gizlicə problemlər yaradır, sonra öz təmsilçiləri vasitəsilə həmin problemi həll edir, bununla da onları özündən asılı vəziyyətə salırdı.
- Siz, Abbas Abbasovu separatizmi dəstəkləməkdə günahlandırırsınız...
- Bəli, mən bunu deyirəm, çünki faktlarım var. Rusiyada erməni lobbisi güclüdür. Və onlar Rusiya-Azərbaycan dostluq münasibətlərinin, azərbaycanlıların diasporunun inkişafında maraqlı deyillər. Aydın məsələdir ki, onlar Azərbaycanın bütün uğurlarına qısqanclıqla yanaşırlar. Abbasovun onlarla razılaşması var ki, əgər Azərbaycanda hakimiyyətə gələrsə, onların maraqlarının qorumasında müəyyən güzəştlər edəcək. Onun bir çox ölkələrin erməni diasporu liderləri ilə görüşməsi, Fransada, danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsində güzəştlərə hazır olacağı barədə razılıq əldə edib.
Bundan əlavə, Moskvada Amerika və Avropada məskunlaşmış Azərbaycan müxalifətinin radikal nümayəndələri ilə görüşləri barədə də bizə məlumatlar daxil olub. Bu görüşlərdə onların əsas niyyəti Azərbaycanda sabitliyi pozmaqdır. Belə iclaslardan biri keçən il Moskvada baş tutub.
İndi o, hər yerdə ümummilli lider Heydər Əliyevə və prezident İlham Əliyevə sədaqətindən dəm vurur. Amma o, bundan əvvəl də Vəzirova, Mütəllibova və Elçibəyə sadiqlik andı içib. Bütün bunlar özlüyündə bu insanın şəxsiyyəti barədə çox söz deyir.
- Abbas Abbasov, "Milyarderlər İttifaqı” adlanan, Rusiyada Azərbaycan Təşkilatları İttifaqını (RATİ) buraxıldığını bəyan etdi. Onun bu addımını necə qiymətləndirirsiniz?
- Abbasov tərəfindən bu təşkilatın buraxılması, sadəcə məsələnin hüquqi cəhətdən həllidir. Təşkilatın özü çoxdan mövcud deyil, çünki RATİ-nin üzvləri çoxdan oranı və Abbasovu tərk ediblər. Keçən ilin dekabrda Abbas Abbasovla görüşümüz zamanı ona məsləhət gördüm ki, RATİ-ni buraxsın. Mənə cavab olaraq dedi ki, bu İttifaq onun doğma balasıdır və ona görə yaradılıb ki, Rusiyadakı azərbaycanlıların diaspor təşkilatlarını və bu ölkədəki azərbaycanlıları ətrafında birləşdirsin. Mən ona bildirdim ki, bu missiyanı əsası Heydər Əliyev və Putin tərəfindən qoyulan Ümumrusiya Azərbaycanlıları Konqresi həyata keçirir. Həmin vaxt dedim ki, RATİ-nin ətrafındakı insanlar hər şeyi anlayandan sonra onu tərk edəcəklər. Elə də oldu.
- ”Azerros”un aqibəti necə olacaq?
- "Azerros ”a gəldikdə, gec və ya tez Abbasov həmin qurumu onu yaradanlara geri qaytarmalıdır. Düşünürəm ki, o, insanları dinləməli və diaspora fəaliyyətinə son qoymalıdır. Onun yalançı piramidası 6 aydır ki, yavaş-yavaş dağılır. Bu da təbiidir. Çünki insanlar anlayır ki, onunla diasporun gələcəyi yoxdur. Təsəvvür edin, indi "Azerros”un 40-a yaxın regional şöbəsi ona qarşıdır və ondan qaçırlar. Onun ətrafında "Azerros”da səs haqqı olan dörd regional nümayəndəliyi qalıb. Bu gün o, qorxusundan təşkilatın bütün sənədlərini öz seyfində saxlayır. Amma anlamalıdır ki, azərbaycanlılar ona qarşıdırlar.
- Rusiyadakı Azərbaycan icmasının gələcəyini necə görürsünüz?
- Rusiyadakı Azərbaycan diasporunun potensialı böyükdür, xüsusilə yetişən nəsil, gənc perspektivli azərbaycanlılar hansı ki, Leyla Əliyevanın sədri olduğu AMOR-un ətrafında birləşiblər. Ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu Ümumrusiya Azərbaycan Konqresini təkmilləşdirmək və təşkilatın özündə yeniliklər etmək lazımdır. O zaman Azərbaycan icması daha yaxşı fəaliyyət göstərəcək. Ümumrusiya Azərbaycan Konqresi və "Azerros” qarşılıqlı əlaqədə olacaqlar və Rusiya-Azərbaycanın münasibətlərinin xeyrinə çalışacaqlar, Rusiyada yaşayan azərbaycanlılara xidmət edəcəklər(Vest.az).