Yay fəsli gələr-gəlməz hər kəs istirahət üçün məkan axtarır. Kimisi ölkə xarcinə üz tutur, kimisi də Azərbaycanın səfalı guşələrinə gedib ağır iş aylarının yorğunluğunu çıxarır.
Uzun iş həftələrindən sonra dincəlmək, necə deyərlər “dərin bir nəfəs çəkmək” kimi bir şeydir. Ən azından səhər tezdən durmaqdan, işə getməkdən, işin əsəbini keçirməkdən, 8 saat klaviatura döyəcləməkdən, kompüterə gözlərini zilləməkdən (əgər işin kompüterdən asılıdırsa) və iş saatı tamamlayıb yorğun-arğın evə gəlməkdən azad olursan.
Yaddaqalan istirahət etmək üçün də gərək cibdə pul olsun. Hamı ayağını yorğanına görə uzadır. Yaxşı pulu, imkanı olan şəxslər ölkə kənarında yayın keyfini çıxarırsa, nisbətən kasıb təbəqə də bölgələrə üz tutur. Amma bölgələrimiz də nə şəraitinə, nə də qiymətlərinə görə heç də Antalyadan, Dubaydan, yaxud Avropanın hansısa ölkəsindən geri qalmır.
Yerli sakinlər isti yay günlərində əsasən istirahətlərini Qəbələ,Quba, Masallı, İsmayıllı , Şəki və digər səfalı rayonlarda edirlər. Təbii ki, müəyyən pul müqabilində.
Bəs, görəsən ötən illə müqayisədə bu il qiymətlərdə dəyişiklik varmı?
İqtisadçı Vüqar Bayramov AzVision.az-a bildirib ki, xidmətlərin qiymətində heç bir dəyişiklik yoxdur.
Onun sözlərinə görə, hazırda ölkəmizdə turizm obyektləri əvvəlki il ilə müqayisədə eyni və yaxud yaxın qiymətlər təklif edir: “Təbii ki, bir sıra bölgələrimizdə turizm xidmətinin keyfiyyətinin artması və eləcə də təklif edilən qiymətlərin sayının çoxalması müşahidə edilir.
Əvvəlki illərlə müqayisədə pozitiv dəyişiklik ondan ibarətdir ki, turizm xidmətinin çeşidi və eyni zamanda keyfiyyətində artım var. Təəssüf ki, hələ də qiymətdə fərqlər yoxdur. Qiymətlər dəyişilməz olaraq qalmaqdadır. Bu da daxili turizmə mənfi təsir göstərir və eyni zamanda Azərbaycan turizm sektorunun qonşu Türkiyə və Gürcüstanla müqayisədə rəqabət qabiliyyətini azaldır. Dövlət səviyyəsində çoxlu sayda tədbirlər keçirilir və bu da turizimin inkişafını stimullaşdıran əsas faktorlardan biridir”.
Ekspertin fikrincə, ölkəmiz il ərzində 2.4 milyon turist qəbul edir. Qonşu Gürcüstanda bu rəqəm 2.5-3 milyona yaxındır.
“Gürcüstan ölkəmizlə müqayisədə 2 dəfədən çox turist qəbul edir ki, bunun da əsas səbəbi Gürcüstanda qiymətlərin aşağı olmasıdır. Azərbaycanlı tursitlər belə Gürcüstanda dincəlməyə üstünlük verir. Bizim apardığımız monitoriqnlər göütərir ki, il ərzində təxminən yarım milyona yaxın azərbaycanlı Gürcüstana turist kimi səfər edir. Daxili turizmdə eyni və ya oxşar keyfiyyətləri müqayisə etsək, yenə də daxili turizm Türkiyə və Gürcüstanda olan qiymətlərə uduzur.
Aparılan müqayisələr göstərir ki, ölkənin aparıcı turizm rayonlarında və şəhərlərində 1 həftəlik dincəlmə xərci qonşu Gürcüstan və yaxud da Türkiyənin Antalya şəhəri ilə müqayisədə daha bahadır. Bu da yerli turistlərin qonşu ölkələrdə istirahət etməsinə səbəb olur ki, daxili turizmdən daxil olan vəsaitlərin azalamsına gətirib çıxarır”.
V.Bayramov təklif edir ki, ölkəmizdə fəaliyyət göstərən turizm obyektlərinin qiymətlərinin monitorinqi aparılmalıdır: “Turizm sektorunda süni şəkildə qaldırılan qiymətlərin qarşısı alınmalıdır. Otel xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması vacibdir. Bütövlükdə təşviqedici tədbirlərin həyata keçirilməsinə ehtiyac var ki, Azərbaycanın turizm sektorunda qiymətlərin tənzimlənməsi mümkün olsun”.
Hazırda ölkəmizdəki turizm qiymətləri ilə xarici ölkələr arasında hansı fərq var?
Turizm üzrə ekspert Bahadur Bilalov AzVision.az-a bildirib ki, daxili turizm obyektlərində ötən il ilə müqayisədə elə bir ciddi qiymət dəyişikliyi yoxdur.
Onun sözlərinə görə, manatın dollara nisbətən qiymətində düşmə olsa da, bunun daxili turizmə təsiri olmayıb: “Amma xarici ölkələrin bəzilərində qiymət artımları var. Rusiyada baş verən hadisələr, Türkiyəyə istirahətə gedən turistlərin sayını kəskin azaldıb. Ona görə də Türkiyənin istirahət mərkəzləri, otelləri qiymətlərdə endirimlər ediblər. Türkiyə istiqamətində ötənilki qiymətlərlə indiki qiymətlər arasında elə də ciddi bir fərq yoxdur. İlk zamanlar turizm şirkətləri bildirirdilər ki, dolların kəskin bahalaşması xaricə gedən turistlərin istirahətlərinə təsir göstərəcək. Amma təcrübədə onu müşahidə etdik ki, elə də ciddi qiymət dəyişməsi baş verməyib. Bəzi otellərdə ötən ilə nisbətən qiymət ucuzlaşması baş verib. Bu müsbət haldır”.
Ekspert qeyd edib ki, dolların manata nisbətən dəyərinin artması xaricdən ölkəmizə gələn turistlərin sayını artırıb: “Eyni zamanda ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının ölkəmizin tanıdılmasında müstəsna rolu oldu. I Avropa Oyunlarından sonra da statistikaya nəzərə salanda ötən illə müqayisədə ölkəyə gələn turistlərin sayında xeyli artımın olduğunu görmək olar”.
Əlaqə saxladığımız bir neçə turizm şirkətləri ötən illə müqayisədə ciddi qiymət artımının olmadığını bildiriblər.
Qeyd olunub ki, istirahət üçün müraciət edənlər daha çox Türkiyə və Gürcüstana getməyə can atırlar. Buna baxmayaraq, dincəlmək üçün Avropa ölkələrində də gedənlər də az deyil.
Məsələn, İsmayıllı rayonunda, İlisu kəndi yaxınlığında yerləşən “Green House" ailəvi istirahət mərkəzində bir nəfər üçün bir günlük qiymətlər kotec seçimindən asılı olaraq 60 AZN -lə 120 AZN arasında dəyişir.
Qaxda yerləşən “Eden Park Hotel” istirahət zonasında bir nəfər bir gün üçün yalnız oteldə qalmaq pulu olmaqla 25 manat ödəməli, 3 dəfə yemək daxil olmaqla 50 manat pul verməlidir. Nabranda "Atlant" Əyləncə və İstirahət Mərkəzində bir nəfər üçün yer pulu gündəlik 40 manatdır.
Xızıda “Cənnət Bağı" nda bir günlük istirahət qiymətləri 2 nəfər üçün səhər yeməyi daxil olmaql 55-80 manat, 2 otaqlı nömrə - 100 manat. Xaçmazda yerləşən “Çoban bulaq” istirahət kompleksində iki nəfər üçün bir günlük istirahətin qiyməti -60 -80azn civarındadır. Şəki rayonundakı “Küngüt” istirahət mərkəzində bir günlük yalnız oteldə qalmaq 50, 75, 100, manat arasındadır.