Müxtəlif səbəblərdən intihar olayları artmağa davam edir. Son zamanlarda əsasən kredit borcları, maddi sıxıntı üzündən intiharların sayı çoxluq təşkil edir.
Bu səbəbdən də Ölkə.Az olaraq məsələni araşdırmaq qərarına gəldik. Başlıca olaraq intiharın səbəbləri, onların qarşısını almaq metodları, mediada bu cür xəbərlərin yayılmasından sonra eyni situasiyada olan şəxslərin də intiharı çıxış kimi görüb bu yola baş vurması haqqında mütəxəssislərin fikrlərinə baş vurduq. Əsasən insanları bu fikrdən yayındırmaq, onları həyata daha da sıx bağlamaq, digər problemlər üzündən cana qıymağın lazımsız olduğunu, həmçinin bu situasiyada onlara çıxış yolları göstərmək üçün biz də mütəxəssislərimizlə bu mövzunu araşdıraraq alternativ variantlarımızı irərli sürürük.
Bu haqda Ölkə.Az-ə danışan sosioloq Sənubər Heydərova intiharların əsas səbəblərindən söhbət açıb: “Kredit kartlarının, kreditlərin və kiçik həcmli məbləğlərin verilməyə başladığı dövrdən bütün ölkələrdə kredit həcminin nizamdan çıxması problem olub. İnsanlar ehtiyacları olan zaman asanlıqla əldə edəcəkləri məbləği qaytarmağı adətən kiçik hissələrə bölündüyü üçün çətin hesab etmirlər. Lakin bu hiss yalnız ilk aylara bəs edir. Kredit ödəmə müddəti uzandıqca borcunun bitməməsi, bu prosesin uzanması və hər ay davamlı borc və faizin hesablanması müəyyən üzüntü, mənasızlıq, yük altında olma hissi yaradır. Nəzərə alsaq ki, bu müddət ərzində adətən yeni problemlər ortaya çıxır və yeni kreditlər üçün müraciət etmə məcburiyyəti yaranır, ağırlıq hissinin artdığını təsəvvür etmək çətin olmur. Müasir insanın bir çox ehtiyacı ona qızıl sinidə təqdim edilən kreditlər hesabına ödənir. Kreditlə ev, ev əşyası, geyim, hətta ərzaq.. İlkin tələbat mallarının kreditlə satılması daha çox insanın bu tələyə düşməsinə səbəb olur. Bir çox insançün bu, sözün əsl mənasında tələdir. Bankların bir çoxunun xüsusi şərtləri bu tələni daha ağrılı edir. Məsələn, bəzi banklar imkan edib kreditdən tez qurtulmağa çalışan vətəndaşlardan pulu tez qəbul etməkdən imtina edir, müddəti mütləq əvvəldən müəyyən olunduğu qədər uzatmağı tələb edir. Bütün banklarda adətən kredit agentləri olur, onlar müştərinin maddi imkanlarını və girovlarını hesablayıb kredit ayırmağa mükəlləf olurlar. Banllar cəlbediciliklərini itirməmək üçün şərtləri asanlaşdırıb, hətta təqaüdçü, yaxud tələbə kimi stabil və ciddi maddi gəliri olmayan şəxslərə belə kredit açmaqla bağlı elanlar verilir. Bu, kapitalizmin gərəklərindən biridir. Bu sistemə müdaxilə etmək demək olar ki, mümkün deyil. Biz intiharların və kredit borcları səbəbindən əmələ gələn psixozların qarşısını almaq iqtidarında olmasaq da, bəzi sosial təbliğat vasitələrindən istifadə edə bilərik. Məsələn, təxminən 2 il əvvəl Türkiyədə bu problemin çox aktuallaşdığını görən dövlət kredit kartları ilə bağlı sosial reklamlar çəkməyə başladı. Məşhur və nüfuzlu şəxslər çıxıb kredit kartlarının əslində yaxşı imkanlar yaratdığını, lakin hər şeydən olduğu kimi onlardan da ağıl və hesabla istifafə etmək gərəkdiyini deyirdilər. Bu, bir az insanları ayıltmağa hesablanmış çarxlar idi. O çarxlar insana xatırladırdı ki, ayın axırı gələcək və kredit məbləği ödənə biləcək məbləğdən çox olmamalıdır. Bir çox artıq xərclər və hesablanmamış alış-veriş alışın kartla edilməsi səbəbindən olur. Kartla ödəniş edərkən insan real pul təsəvvürünü itirir, istər-istəməz daha çox məbləğ xərcləyir. KİV-lərində kreditlərin, kredit kartlarının və kreditlə satış edən müəssisələrin reklamı ilə bərabər sosial çarxlar, insanları maarifləndirən, onları xərclərini nizamlamağı öyrədən, ümumiyyətlə pulun idarəolunmasına öyrədən sosial reklam çarxları da yayımlanmalıdır”.
“Peşəkar Psixologiya Mərkəzinin” psixoloqu Gülşən Heydərli də mövzuya dair fikrlərini bizimlə bölüşərək bunları deyib: “İntihar- insanın şüurlu şəkildə özünün öldürməsinə etdiyi cəhddir. Dünyada hər 20 saniyədə bir insan özünü öldürür, hər iki saniyədə bir insan isə intihara uğursuz cəhd edir. İntihar bir çox hallarda ümidsizlik, iradı zəiflik, peşmançılıq və nifrətdən baş verə bilər. İntihar cəhdlərinin səbəbləri müxtəlif ola bilər. Ümumilikdə intihara səbəb olan amilləri aşağıdakı şəkildə qruplaşdıra bilərik:
Sosial, iqtisadi, psixoloji, psixiatrik, bioloji, genetik və fiziki... Müasir dövrümüzdə intiharlara səbəb olan amillər içərisində iqtisadi amillər daha çox aktuallıq təşkil edir. Əhalinin banklara olan böuük məbləğli kreditləri buna misal olaraq göstərilə bilər. Çox zaman kredit alan şəxs öz maddi imkanını nəzərə almadan böyük məbləğli pul kreditləri alır. Və zamanında ödənişləri edə bilmədiyi üçün həmin şəxslərdə depressiya hallarının yaranmasına və çıxış yolu olaraq intihar cəhdləri etməyə gətirib çıxarır. Ona görə də hər kəs ilk olaraq öz maddi imkanlarını nəzərə alaraq hərəkət etməlidir. İntihara səbəb olan digər mühüm amillərdən biri də kütləvi informasiya vasitələridir.Çox vaxt baş verən intihar halları ilə bağlı nümayiş xarakterli informasiyalar verilir. İntihar hadisəsi tam təfərrüatı ilə xəbərlərdə əks olunur. İntihar edən şəxsin buna cəhd etmə səbəbi, intihar etmə tərzi, vasitəsi və s. Həssas və təsirə tez düşən, bənzər problemlə üzləşən şəxs bunu nümunə kimi qəbul edir və çıxış yolu olaraq görür. KİV vasitəsilə intihar xarakterli informasiyalar verərəkən xüsusən diqqətli olmalıdırlar. Statistika onu göstərir ki, daha əvvəl intihara cəhd edən insan sonra da bunu edir. Bu səbəbdən intihara cəhd edən şəxsin yaxınları həmin insanı daim nəzarətdə saxlamalıdır. Bundan başqa bu cür halların qarşısını almaq və gələcəkdə intiharla üz-üzə qalmamaq üçün insanlar öz iqtisadi gəlir və xərclərini nəzərə alıb kredit götürməlidirlər”.