Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyanın "The Buisness Year" jurnalına müsahibə verib.
- Hörmətli cənab Prezident, bu il Azərbaycana rəhbərliyinizin 10 ili tamam olur. Geriyə baxarkən, ötən dövrü necə qiymətləndirərdiniz və bu müddət ərzində baş vermiş hadisələrdən hansını ən qürurverici hesab edirsiniz?
- Arxada qalan 10 il Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olmuşdur. Biz ümummilli lider Heydər Əliyevin siyasi kursuna, yaratdığı ictimai-siyasi sabitliyə və iqtisadi bazaya, xalqın möhkəm dəstəyinə söykənərək çox böyük uğurlara imza atmışıq. Həm ölkənin ümumi inkişaf konturlarını, həm də ayrı-ayrılıqda hər bir sahədə görüləcək işləri əhatə edən çoxsaylı dövlət proqramları qəbul olundu və uğurla icra edildi. Bu işlərin görülməsi daxili sosial-iqtisadi inkişafın təminatına, vətəndaşların rifahının yüksəldilməsinə və cəmiyyət qarşısında duran digər problemlərin həllinə mühüm təsir göstərdi. Azərbaycanın yeni neft strategiyasının işə düşməsi bizə bütün gələcək planlarımızı reallaşdırmağa geniş imkanlar açdı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin, daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, Xəzərin karbohidrogen ehtiyatlarının ixrac infrastrukturunun yenilənməsi və şaxələndirilməsi Azərbaycan neftinin və qazının birbaşa Avropa və dünya bazarına çıxışını təmin etdi ki, bu da təkcə keçən on ilin deyil, bütövlükdə müstəqillik tariximizin ən önəmli hadisələri sırasına daxil olmuşdur.
Bütün bunlarla yanaşı, Azərbaycanda demokratik islahatlar davam etdirilmiş, güclü vətəndaş cəmiyyəti formalaşmışdır. Bu gün Azərbaycan ifadə, söz, mətbuat azadlığı tam təmin olunmuş bir ölkədir. Bizim həyata keçirdiyimiz siyasətin əsasında insan amili, vətəndaşlarımızın rifahı məsələsi dayanır. Bütün addımlarımız, gördüyümüz işlər Azərbaycan xalqının maraqlarına xidmət edir. Təbii ki, xalqımızın etimadı, dəstəyi olmasaydı, biz bu nəhəng planları həyata keçirə bilməzdik.
- Qarşıdan gələn prezident seçkilərini də nəzərə almaqla ölkənin gələcəyi və qarşıda duran vəzifələr haqqında nə deyə bilərsiniz?
- Bilirsiniz, 20 ildən çoxdur ki, Azərbaycan totalitar bir sistemin buxovlarından azad olaraq müstəqil və demokratik dövlət quruculuğu yolu ilə gedir. Müstəqilliyə qədəm qoyduğumuz həmin həssas dövrdə kimin, hansı qüvvənin hakimiyyətə gələcəyi xalq üçün kifayət qədər taleyüklü məsələ idi. Azərbaycanın 1990-cı illərin əvvəllərində rastlaşdığı acı təcrübə göstərir ki, dövlət idarəçiliyinin məsuliyyətini dərk etməyən, təsadüfi insanların hakimiyyətə gəlməsi xalqı fəlakətlə, dövləti isə ciddi problemlərlə üz-üzə qoya bilər. Azərbaycan xalqı müdrik xalqdır və öz tarixinin həlledici anlarında düzgün qərar qəbul etməyi bacarıb. Bu xalq 1993-cü ildə - dövlətçiliyimiz mühüm təhlükə qarşısında qalarkən özünün qəti sözünü dedi və böyük dövlətçilik təcrübəsi olan ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 20 il ərzində Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının ardıcıl surətdə həyata keçirilməsi ölkəmizin dinamik inkişafını təmin etdi, onu dünyanın müasir və demokratik dövlətinə çevirdi. Bilirsiniz ki, müasir və demokratik dövlət quruculuğunun müəyyən dəyişməz prinsipləri, dəyərlər sistemi mövcuddur ki, onlar ardıcıl olaraq təmin edilir və bu sahədəki əsas strateji hədəflər qorunub saxlanılır. Mən tam əminəm ki, Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlət, demokratik inkişaf və sosial rifah kursu, vətəndaş cəmiyyəti quruculuğu yolu Azərbaycanda bundan sonra da davam etdirilməlidir. Bu siyasətin başlıca prioriteti, əlbəttə ki, ilk növbədə dünyanın inkişaf etmiş ölkələri ilə bir cərgədə dayanan, rəqabət qabiliyyətli, ərazi bütövlüyü bərpa olunmuş, müstəqil, güclü və demokratik Azərbaycan olmalıdır.
- Cənab Prezident, Azərbaycanın mühüm geosiyasi mövqeyini nəzərə alaraq, Rusiya, Türkiyə və digər qonşu ölkələrlə münasibətləri necə xarakterizə edərdiniz?
- Azərbaycan etibarlı tərəfdaş, bütün məsələlərlə bağlı öz mövqeyinə malik və tam müstəqil siyasət yürüdən ölkədir. Biz Ermənistan istisna olmaqla region və dünya ölkələri ilə münasibətlərimizi səmərəli əməkdaşlıq, qarşılıqlı etimad, hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qururuq. Azərbaycan məhz bu prinsipləri rəhbər tutaraq 2012-ci ildə Beynəlxalq Qoşulmama Hərəkatına üzv olmuş, ölkəmizin xarici siyasətinin yeni vektorları müəyyənləşdirilmişdir. Biz hazırda digər dünya ölkələri ilə olduğu kimi, Afrika və Latın Amerikası ölkələri ilə də əməkdaşlığımızı möhkəmləndiririk, yeni əlaqələr qururuq.
Region ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi xarici siyasətimizin prioritet istiqamətlərindən biri olaraq qalır. Türkiyə Azərbaycana dost və qardaş ölkə, strateji müttəfiqimizdir. Son illər Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən transmilli layihələr, qarşılıqlı investisiyalar ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmışdır. Biz hazırda Türkiyədə 17 milyard dollarlıq neft-kimya və neft emalı kompleksi layihəsini həyata keçiririk. Azərbaycanın reallaşdırdığı nəhəng enerji layihələri Türkiyənin tranzit ölkə kimi əhəmiyyətini artırır, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində onun rolunu yüksəldir.
Rusiya ilə əlaqələrimiz də əvvəlki illərdə olduğu kimi dinamik inkişaf edir və münasibətlərimiz strateji tərəfdaşlıq mahiyyəti kəsb edir. Siyasi dialoq, humanitar əməkdaşlıq, iqtisadi əlaqələrin möhkəmlənməsi və digər məsələlər tərəfdaşlığımızın vacib elementləridir. Azərbaycana idxalın həcminə görə Rusiya birinci yerdədir. Öz növbəsində, Rusiya da ilk növbədə, bizim kənd təsərrüfatı məhsulları üçün çox mühüm bazardır. Hazırda biz bu ölkədə daşınmaz əmlaka və iri kommersiya strukturlarının səhmlərinə sərmayə qoymağa başlamışıq. Azərbaycan şirkətləri Rusiyada kənd təsərrüfatı məhsullarının emalı sahəsində layihələr həyata keçirir və s.
Azərbaycan regionun digər ölkələri ilə də mehriban qonşuluq, səmimi dostluq əlaqələrini inkişaf etdirir. Biz ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərində Azərbaycan xalqının və dövlətinin maraqlarını əsas tuturuq.
- 2012-ci il Azərbaycanda "İdman ili" elan edilmişdir. London Olimpiya Oyunlarında Azərbaycanın uğurlarını, qızlar arasında futbol üzrə dünya çempionatının böyük müvəffəqiyyətlə təşkil edilməsini və bu yaxınlarda Avropa Olimpiya Komitəsinin 2015-ci ildə l Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul etməsini nəzərə alaraq, ötən ilin idman yekunlarını necə qiymətləndirə bilərsiniz?
- Keçən il idman sahəsində əldə edilmiş uğurlar, şübhəsiz, "İdman ili"nin yekunları haqqında bizə fəxrlə danışmağa tam əsas verir. Həmin ilin əvvəlində bu qərarı verərkən biz idmançılardan qələbələr, uğurlar gözləyirdik və onlar ümidlərimizi doğrultdular. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil etdilər, müxtəlif yarışlarda 700-dən çox medal qazandılar, onlardan 255-i qızıldır.
Qeyd etmək istərdim ki, son 10 ildə Azərbaycanda yüksək səviyyədə 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri təşkil olunmuşdur. Mən onların içərisində ötən il keçirilmiş FİFA U-17 qadınlararası dünya çempionatını xüsusilə qeyd etmək istəyirəm. Çünki bu, bizim üçün yeni və çox uğurlu təcrübə idi. Həm FİFA, həm UEFA Azərbaycanda keçirilmiş bu çempionatı yüksək qiymətləndirmişlər.