Millət vəkili Qənirə Paşayeva Tovuzda ədəbiyyata daha dərindən vaqif olmaq və yaxından öyrənmək istəyən gənclər üçün növbəti tədbir keçirib.
“Qafqazinfo”nun məlumatına görə, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə çap olunmuş “Ədəbi Nobel” antologiyasının rayonda təqdimatını keçirən xanım millət vəkili tədbirdə iştirak edən bütün gənclərə kitab hədiyyə edib.
Q.Paşayeva bildirib ki, “Ədəbi Nobel” antologiyasında indiyədək Nobel ödülü almış bütün yazıçıların həyat və yaradıcılığı haqqında yığcam bilgilər, onların ən gözəl əsərlərindən seçmələr yer alıb və bu gənclər üçün çox dəyərli bir kitabdır.
Gələcək həyatını ədəbiyyatla bağlamaq istəyən hər bir kəsin yaxşı mütaliə etməsinin önəmini vurğulayan millət vəkili gəncləri öz zamanlarını boş yerə xərcləyib, teleseriallar və şou proqramlar qarşısında vaxt keçirməkdənsə dəyərli kitablara zaman ayrımağa çağırıb.