Son günlər Azərbaycanla və Ermənistan arasında münasibətlərin yenidən gərginləşdiyi göz qabağındadır.
Hətta bu gərginlikdən istifadə edib, müharibə ilə bağlı xəbərlər yayılır və Qarabağətrafı 7 rayonun tezliklə geri qaytarılacağı ilə əlaqəli informasiyalar tirajlanır.
Rəsmi qurumlar isə xəbərləri “şayiə” adlandırmaqla kifayətlənirlər.
Bəs zaman-zaman bu şayiələrin yayılmasının kökündə nə dayanır?
Son vəziyyəti AzNews.az-a şərh edən millət vəkili Zahid Oruc bildirib ki, vəziyyətin gərgin olması ilə bağlı xəbərlərin əsası var. Çünki Putinlə İlham Əliyevin son zamanlar tez-tez bir araya gəlməsi və Rusiya ilə Azərbaycan münasibətlərinin yaxşılaşması insanlarda Qarabağın geri qaytarılacağına ümid yaradır: “Cəbhədə daş atsan erməniyə dəyər. Ona görə də, Qarabağda istənilən anda İkinci Qarabağ savaşının alovu böyüyə bilər. Çünki biz erməniylə üz-üzəyik. Lakin bəzi şeyləri gözardı etmək olmaz. Nəzərə almaq lazımdır ki, Qarabağ müharibəsi bu dəfə lokal çərçivədə qalmayacaq. O daha geniş miqyası əhatə edəcək. Amma müharibənin başlaması sözü nə qədər asandırsa onun həyata keçirilməsi bir o qədər çətindir. Çünki müharibənin öz pis tərəfləri, iqtisadi ziyanları var. Azərbaycan ermənilərlə hərbi siyasi meydanda təkcə üz-üzə qalsaydı, bu müharibəni uğurla başa vura bilərdi. Amma böyük ehtimalla bu iki dövlət arasındakı savaş lokal çərçivədə qalmayacaq, onu daha da genişləndirmək istəyəcəklər, bu isə avtomatik olaraq müxtəlif ssenarilərin işə düşməsinə yol açacaq. Belə bir vəziyyətdə Ali baş komandandan başqa, ötkəm müharibə bəyanatları vermək kifayət qədər böyük məsuliyyət tələb edir. Bunu patriotik janrda etmək asan ola bilər. Parlament üzvü olaraq mən psixoloji informativ müharibənin aparılmasının tərəfdarıyam. Amma hərbi qərarların verilməsi İlham Əliyevə məxsusdur”.
İnsanlarda belə bir fikir var ki, Dağlıq Qarabağı Ermənistana desək, Rusiya alıb verib.
Elə Azərbaycana da Rusiya qaytara bilər. Rusiya Azərbaycan münasibətlərinin yaxşılaşması da insanlarda Qarabağın hər an geri qaytarıla biləcəyi təəssüratı yaradıb. Zahid Oruc da insanlarda yaranan bu təəssüratın köklü əsaslarının olduğunu olduğunu deyir:“Son illər Rusiya-Azərbaycan münasibətləri o qədər inkişaf etdi ki, Ermənistanın tarixi mövqeyini müəyyən qədər neytrallaşdırdı. Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşması hesabına Ermənistan əvvəlki avantürist planlarını həyata keçirə bilmədi. Kommunikasiyaların açılması və Ermənistanla normal münasibətlərə gedilməsi, eyni zamanda Qarabağın statusunun qeyri-müəyyən gələcəyə saxlanılması masa üzərindədir. Hətta bunun üçün kəşfiyyat strukturlarının arasında da geniş danışıqların getdiyi söylənilir. Rusiya tərəfdən masaya oturdulan tələblərdən biri Qarabağın hər hansı şəkildə həlli variantıdır. Şimal qonşumuz bilir ki, torpaq problem olmayan iki ölkəni qərb daha asan ələ keçirə bilər. Yəni indi münaqişələr ölkələri idarə etməyin asan variantıdır. Çünki Azərbaycan və Ermənistan müstəqil dövlət olsa, onlar Qərbin daha yaxşı partnyoru ola bilər. Məhz bu səbəbdən Qarabağı ayağımzıdan daş kimi bağlayıb saxlayıblar”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanla Rusiya münasibətləri heç vaxt indiki qədər yaxşı olmayıb: “Rusiya ilə münasibətlərimiz ən yüksək həddə gəlib çatıb. Mənə elə gəlir ki, Azərbaycan- Rusiya münasibətləri heç vaxt indiki qədər yaxşı olmayıb. Bu, bizə kifayət qədər faydalar verə bilər. Əvvəla Ermənistan amili xeyli neytrallaşıb. İkincisi isə Azərbaycan Türkiyə ilə münasibətlərini hərbi cəhətdən kifayət qədər inkişaf etdirib. Türkiyə ilə sıx hərbi təlimlər keçirilsə də, bu artıq Rusiya tərəfdən basqıyla qarşılanmır”.
Millət vəkili sözügedən üç dövlətin Qafqazla bağlı baxışlarına dair müəyyən vahid sənəd hazılanmalı olduğunu düşünür: “Azərbaycan, Türkiyə və Rusiyanın Qafqazla bağlı müəyyən baxışlarını və yaxud vahid sənədini formalaşdırmaq lazımdır. Türkiyə ilə Rusiya arasında Azərbaycan və Ermənistanın gələcəyinə dair elə bir razılaşma qəbul olunmalıdır ki, bu, bölgədə yeni müharibələr doğurmasın”.