Bu barədə redaksiyamıza “Yeni Müsavat”ın hüquqşünası Vaqif Hüseyn məlumat verdi. Onun sözlərinə görə, məhkəmənin çıxardığı cərimənin məbləği ağlabatan olmalıdır: “Kasasiya şikayətinə baxıldı. Hakim tərəfləri qısa dinlədi və öz pleniumun çıxardığı qərarı qüvvədə saxladı. Halbuki, Ali Məhkəmənin 2008-ci il, 8 noyabr tarixli qərarında deyilir ki, cərimələr tətbiq edilərkən bunu cərimələnən tərəfin ödəyə bilməsi nəzərə alınmalıdır. Azərbaycan reallığında hətta kommersiya şirkəti 50 min manat cəriməni ödəyə bilmir, nəinki bir qəzet”. V.Hüseyn bundan sonra qərardan Avropa Məhkəməsinə şikayət olunacağını qeyd etdi.
Bununla da daha bir oliqarx-nazir “Yeni Müsavat” qəzetini ağır məbləğdə cərimələtdirdi. Xatırladaq ki, “Gilan” zavodunun fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir. Qəzetə qarşı iddia “Jalə” şirələri ilə bağlıdır. Belə ki, 2009-cu ilin aprelində “Yeni Müsavat”da dərc olunmuş “JALƏ 100 FAİZ TƏHLÜKƏLİ ŞİRƏDİR” başlıqlı yazı qəzetin məhkəməyə verilməsinə səbəb olub. “Gilan”" zavodu bunun və digər uyğun materialların zavodun işgüzar nüfuzuna xələl gətirdiyini düşünür. /musavat.com/