Regionlarda və Bakı şəhərində orta məktəblərin IX və XI siniflərinin buraxılış imtahanları yekunlaşdı. Təhsil Şurasının sədri Əjdər Ağayev Modern.az saytına imtahanların ümumi nəticələri barədə danışıb.
O bildirib ki, nəticələrə ümumi yanaşdıqda qənaətbəxş saymaq olar: “Çünki yüz minlərlə imtahan verən şagird içərisində 10-20 faizinin qeyri-kafi qiymət alması qorxulu deyil. Bu, təbiidir. Beş ballıq sistemdə ikiyə qədər hər qiymət öz yerini tutur. Əgər yüz şagirdin içərisində 20-si qeyri-kafi alırsa, bu, qənaətbəxşdir.
Çünki bu, semestr yox, buraxılış imtahanıdır. Belə nəticələr gözləniləndir.
Zənnimcə, builki buraxılış imtahanlarında qiymət məsələsinə yox, ümumiyyətlə, ayrı-ayrı fənlərdə keyfiyyətin səviyyəsinə münasibət bildirmək lazımdır. Ana dilindən imtahanın nəticələri, əlbəttə, məni qane etmədi. Çünki uşaq anadan olandan bu dildə danışır, bədii kitab oxuyur, təhsil alır.
Yaxınlarda arxivimdən tapdığım Təhsil Şurasının orqanı olan “Təhsil və zaman” qəzetini oxudum.
Qəzetdə bir il bundan öncə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sınaq imtahanının nəticələrindən yazılmışdı. Burada dil-ədəbiyyat müəllimləri ən aşağı nəticə göstəriblər. Deməli, müəllimlər özləri aşağı nəticə göstəriblərsə, öyrətdikləri də aşağı nəticə almalıdır.
Hesab edirəm ki, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin fəaliyyəti vaxtaşırı monitorinqdən keçirilməli və qiymətləndirilməlidir. Bir müəllim əgər öz ixtisasını öyrədə bilmirsə, o tək müəllimlik funksiyasını deyil, eyni zamanda vətəndaşlıq borcunu da yerinə yetirə bilmir”.
Əjdər Ağayev digər bir aspektə də toxunub: “Nə üçün şagirdlərin Azərbaycan dili üzrə yazılı və şifahi bilgiləri lazımi səviyyədə deyil? Ümumiyyətlə, ölkədə Azərbaycan dilinin təsviri, təbliği, bəzi televiziya kanallarında aparıcıların nitqinin adi məişət səviyyəsində olması uşaqların dil bilgilərini aşağı salır. Məsələyə kompleks yanaşmaq lazımdır. Həm müəllimlərin, həm də televiziya kanallarında aparıcıların nitqi ədəbi dil səviyyəsinə qaldırılmalıdır.
Bu cür halları nəzarətsiz qoyanda onu eşidən uşaq da özlüyündə fikirləşir ki, televiziyalar, radiolar bunu belə deyirsə, mən niyə deməyim.
Dil vətəndaş mövqeyidir. Dili mükəmməl öyrətmək üçün ölkədə dili təbliğ etdirmə, dili nümayiş etdirmə rejimi olmalıdır. Böyükdən kiçiyə hamı bu dildə danışa bilsin”.
Əjdər Ağayev Azərbaycan tarixinin qəbul imtahanlarında nəzərə alınmamasına da münasibət bildirib: “Bu, çox böyük qüsurdur. Azərbaycanın tarixini öyrənməyən, imtahan verməyən şagird sonralar digər təsirlər altına düşür. Çünki ölkəsinin marağı, mənafeyi, tarixi, mübarizəsi ona bəlli olmur.
Beləliklə də tarix unudulur. İmtahanların təşkilinə yenidən yanaşmaq lazımdır. Test üsulu artıq özünü doğrultmur. İmtahanların sayını artırmaq lazımdır. Çünki bizə hansısa yaddaşı ilə rəqəm yaza bilən adam yox, bilgisi, təfəkkürü, təxəyyülü, vətəndaşlıq mövqeyi olan insan lazımdır”.