Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının (YHTK) sədri Abid Şərifov rayonlardan gələn bütün növ avtomobillərin Bakıya saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılacağı barədə açıqlama verib. O rayonlardan Bakıya gələn ictimai nəqliyyatın şəhərə daxil olması ilə bağlı isə heç bir məhdudiyyətin olmadığını və olmayacağını söyləyib.
Qeyd edək ki, Bakı 2015 I Avropa Oyunlarında iştirak edən idmançıların, eləcə də tədbirə gəlmiş xarici qonaqların hələ də paytaxtda olmaları ilə əlaqədar Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin müraciətinə əsasən, Oyunlar ərəfəsində yol hərəkətinə tətbiq edilmiş müəyyən məhdudiyyətlərin vaxtı 10 gün müddətinə uzadılıb.
Milli Məclisin deputatı, Ümid Partiyasının sədri İqbal Ağazadə bildirir ki, belə bir qaydanın qəbul edilməsi Konstitusiya və mövcud qanunvericiliklə ziddiyyət təşkil edir. "Hərəkətə heç bir halda məhdudiyyət qoyula bilməz. Lakin dünyanın müxtəlif ölkələrində mərkəzi küçələrə buraxılış haqqında bu tipli qayda-qanunlar var. Bu, xüsusilə yük maşınlarına aid edilir. Minik maşınlarına isə aid olmur. Hesab edirəm ki, Konstitusiya Məhkəməsi istənilən halda bu qərarı ləğv etməlidir". İ.Ağazadə əlavə etdi ki, qaydanın qəbulu Azərbaycanın şəhər və kənd əhalisi arasında diskriminasiya hesab edilə bilər.
AzadXeber.az-ın məlumatına görə, ekspert Azər Allahverənov "Bizim Yol"a açıqlamasında bildirib ki, Bakı şəhərində tıxacların yaranmasının əsas səbəbi bölgələrdən gələn maşınlar deyil. Bu, yanlış bir fikirdir. Hətta Bakıda tıxac yaradan səbəblərin ilk 5 sırasında rayondan gələn avtomobillər yoxdur. Məsələyə bu cür yanaşmaq olmaz və problemin aternativ həlli yollarını tapmaq lazımdır.
Belə bir qayda yalnız müvəqqəti xarakterli ola bilər
Hüquqşünas, ekspert Ərşad Hüseynov isə bildirir ki, Bakı şəhərinə avtomobillərin girişinin məhdudlaşdırılması paytaxtda nəqliyyat gərginliyini azaltmağa yönəlib. "Bu xoş məqsəddən başqa həmin söz-söhbətdə heç bir məntiq və hüquqi əsas yoxdur. Bəli, ən başlıcası odur ki, YHTK-nın bu məzmunlu məhdudiyyət tətbiq etmək səlahiyyəti birmənalı olaraq yoxdur. Qanunvericiliyə nəzər salaq.
YHTK-nın hüquqi statusu və səlahiyyətləri Nazirlər Kabinetinin 1999-cu il 11 avqust tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndində bu Komissiyanın səlahiyyətlərindən biri olaraq bu göstərilir: Komissiya dövlət əhəmiyyətli yollarda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar qəbul edir. Amma YHTK icra orqanıdır və öz səlahiyyətlərini qanunla müəyyən edilən məzmunda icra edir. Yollarda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi hallarını və şərtlərini isə "Yol hərəkəti haqqında" Qanun çox aydın şəkildə müəyyən edir. Qanunun 12-ci maddəsinin 1-ci hissəsini nəzərinizə çatdırıram:
I. Yol hərəkəti yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər:
1) yollarda təmir və ya abadlaşdırma işləri görüldükdə;
2) təbii fəlakət, qəza və ya digər fövqəladə hadisə baş verdikdə;
3) yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün təhlükə yarandıqda;
4) hava-iqlim şəraiti xeyli pisləşdikdə;
5) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda kütləvi tədbirlər həyata keçirildikdə.
Göstərilən hallardan başqa hər hansı digər səbəb və ya bəhanə ilə yol hərəkətinin məhdudlaşdırılması mümkün deyil. Özü də Qanunda xüsusi vurğulandığı kimi belə məhdudiyyət və qadağa yalnız və yalnız müvəqqəti ola bilər. Əslində məhdudiyyət və qadağanın tətbiqi hallarının hamısı keçici xarakter daşıyır, ona görə də məhdudiyyət və ya qadağa bu hal aradan qaldırılana qədər tətbiq oluna bilər (məsələn, Avropa Oyunları dövründə olduğu kimi).
Danışılan qərarın qanunsuz olmasını təsdiqləyən ikinci əsas da elə istinad etdiyimiz normadadır. Qanunun müddəalarına diqqətlə yanaşsaq, görərik ki, söhbət konkret yolda və ya yollarda hərəkətə məhdudiyyət və ya qadağa qoyulmasından gedir. Bütöv yaşayış məntəqəsinə, özü də ölkənin paytaxtına, əsas işgüzar mərkəzinə girişin qadağan edilməsi, yaxud bu qadağanın yalnız paytaxt sakini olmayanlara şamil edilməsi nəzərdə tutulmur. Bu, məntiqsiz və absurddur.
Danışılan məhdudiyyət həm də yersizdir. Onun deyilən qaydada tətbiqi heç nəyi həll etməyəcək və əslində yeni, fəqli məzmunlu problemlər yaradacaq" - deyə Ə.Hüseynov avtosferə bildirib.
Beləliklə, məlum olur ki, YHTK-nın Bakı şəhərinə qeyri-Bakı avtomobillərinin daxil olmasını məhdudlaşdırmaq və ya qadağan etmək səlahiyyəti yoxdur.