Ona görə də biz əhalinin sosial müdafiəsinin gücləndirilməsinin başqa üsuluna keçməliyik. Məsələn, ailələrin sosial reabilitasiyasına üstünlük verməliyik. Rayonlarda kasıb təbəqədən olanlara yeni iş yerləri açılmalı, onlara konkret kiçik bizneslə məşğul olmaları üçün avadanlıqlar, materiallar verilməlidir ki, bununla da həmin insanlar özləri öz həyat şəraitlərini təmin edə bilsinlər. Yəni, artıq ünvanlı şəkildə pul yardımı verilməsindən imtina edilməsi barədə düşünməliyik”.
Musa Quliyev əhalinin yoxsul təbəqəsinin inkişafı üçün Çin təcrübəsindən danışıb: “Çündə əhalinin yoxsul təbəqəsinə dövlət tərəfindən müəyyən materiallar verilir, həmin materiallardan istifadə edilməklə müxtəlif məişət əşyaları düzəltmək, hazırlamaq qaydaları öyrədilir”.
Ünvanlı sosial yardım kimlərə və niyə verilir?
Aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin olunması 21 oktyabr 2005-ci il tarixdə prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş və iyulun 1-dən fəaliyyətə başlamış “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilir.
Sistemin tam fəaliyyətini təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli, 32 saylı qərarı ilə “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları” və “Ailənin orta aylıq gəlirinin hesablanması qaydası” təsdiq edilib.
Orta aylıq gəliri (müraciətdən əvvəlki son 1 il ərzində) onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım hüququna malikdirlər.
Ailənin orta aylıq gəliri hesablanan zaman rəsmi və qeyri-rəsmi mənbələrdən ailəyə daxil olan pul və natura formasında bütün gəlirlər nəzərə alınır. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.
Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Təyinat müddəti bitdikdən sonra aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququnu saxlayır.
Qanunda deyilir ki, ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılmalıdır. 2013-cü il üçün Azərbaycanda ehtiyac meyarı 93 manat təşkil edir.
Qanuna dəyişiklik ediləcək
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişikliklər layihəsi hazırlayıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumatına görə, layihədə aztəminatlı ailələrə şəxsi təsərrüfatlarını yaratmaları üçün birdəfəlik ünvanlı sosial yardım proqramının icrası nəzərdə tutulur.
Qanun layihəsində ailə tərkibi və əmlak vəziyyətində ünvanlı yardım almaq hüququna təsir edəcək dəyişikliklər gözlənilməyən ailələrə bu yardımların təyinat müddətinin 2, yaxud daha uzun müddətə uzadılması əksini tapıb. Nazirlikdən deyirlər ki, bu dəyişiklik həmin vətəndaşların təkrarən ünvanlı yardım üçün hər il yenidən sənədlər toplamadan uzunmüddətli yardımla təmin edilmələrinə şərait yaradacaq.
Ən çox korrupsiya halı ünvanlı sosial yardım sistemindədir
Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovun fikrincə, Azərbaycanda korrupsiyanın əsas səbəblərindən biri vətəndaş cəmiyyətinin qurulmaması və dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin olmamasıdır: “Problemi həll etmək üçün ilk növbədə ictimai nəzarət sistemi yaradılmalıdır. Vətəndaş cəmiyyətinin üzvləri həmişə bu kimi məsələlərlə bağlı öz təklif və tövsiyələrini verirlər, lakin təəəsüf ki, müvafiq dövlət qurumları bu təklif və tövsiyələrə isti baxmırlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardımın verilməsi prosesindən olan şikayətlərin sayına görə ümumi korrupsiya siyahısında ilk sıradadır. Hesab edirəm ki, bu prosesdə baş verən neqativ halların, qanun pozuntularının qarşısını almaq üçün bürokratik əngəllər qaldırılmalı, sənədlərin dövriyyəsi azaldılmalı, yardım alan vətəndaşların siyahısı açıqlanmalı, ünvanlı sosial yardımın verilməsi qaydaları sadələşdirilməlidir”.
Ekspert hesab edir ki, bu vəziyyətdə yardım sistemi ilə yoxsulluğu azaltmaq olmaz, insanlara şəffaf, azad şəkildə iş qurmaq, kiçik bizneslə məşğul olmaq üçün şərait yaradılsa, yoxsulluq səviyyəsi təbii yolla azalar.
Yoxsulluq azalırsa, yardım alanların sayı niyə artır?
İqtisadçı Məhəmməd Talıblı isə düşünür ki, ünvanlı sosial yardımın həcmi ilbəil artırılsa da, yoxsulluğun ciddi azalması müşahidə olunmur: “Prosesin başlandığı 2006-cı ildə respublikada 122 min nəfərə ünvanlı yardım verilirdisə, hazırda bu rəqəm 800 min nəfərə yaxındır. Ölkədə ünvanlı sosial yardım alanların sayının getdikcə artması hökumətin yoxsulluğun səviyyəsinin azalması ilə bağlı bəyanatları ilə düz gəlmir. Əslində, yoxsulluq səviyyəsi aşağı düşdükcə ünvanlı yardım alan vətəndaşların sayı azalmalı idi. 2006-ci ildə belə yardımlar üçün büdcədən 39 milyon manat ayrılırdı, 5 il sonra isə bu vəsait 14 dəfəyədək artaraq 548 milyon manata çatdı”.
Ekspert hesab edir ki, ölkədə yaşayış minimumu azı 170 manat təşkil edir: “Hökumətin hesabladığı yaşayış minimumu reallığa uyğun deyil, alternativ hesablamalar bu rəqəmin daha böyük olduğunu ortaya qoyur. Araşdırmalara görə, ünvanlı sosial yardımın yarısı məmurlar tərəfindən mənimsənilir, vətəndaşlar real olaraq yardımın uzağı 40-50 faizini alırlar”.
“Balıq tutmaq” üçün şərait yaratmaq lazımdır
İqtisadçı hesab edir ki, bu sahədə əsas problemlərdən biri də yardımı alan insanların dəqiq uçotunun və statistikasının aparılmamasıdır: “Statistika olmadığı üçün ölkədə belə yardıma ehtiyacı olanların sayını müəyyən etmək problem olur. Bu halda həmin sahəyə büdcə ayırmalarının nə dərəcədə əsaslı olduğu da qeyri-müəyyən qalır”.
Ekspert sosial yardımın ayrılması ilə bağlı indikatorların özünün yararsız olduğunu deyir: “Ailədə yararsız avtomaşın, istifadəsi mümkün olmayan torpaq sahəsi və s. olması kimi iddialarla yardımın verilməsindən imtina halları çoxdur və bunlar əsassızdır. İş elə qurulmalıdır ki, insanlar dövlətdən yardım almaqla yox, öz işini quraraq pul qazanmaqla yaşasın. Amma sahibkarlığa müdaxilənin mövcudluğu şəraiti buna imkan vermir. Azı 15 rəsmi dövlət qurumunun vətəndaşın biznes fəaliyyətinə müdaxilə edə bilməsi və onun fəaliyyətini dayandırmaq səlahiyyətinin olması buna imkan verməz.
Bu sahədə irəliləyişə nail olmaq üçün ünvanlı sosial yardımın verilməsi mexanizmi bütünlüklə dəyişdirilməlidir. Ya da yardımın yerinə vətəndaşlara azad sahibkarlıqla məşğul olmaq şəraiti yaradılmalı və birdəfləlik vəsait verilməlidir. İnsanlara balıq verməkdənsə, balıq tutmağı öyrətmək və bunu edə bilməsi üçün imkan yaratmaq lazımdır”.
Elçin Bayramlı