Yunanıstan höküməti bir həftə ərzində Afinanın ictimai nəqliyyatında gediş haqqını ləğv edib.
“Qafqazinfo”nun BBC-yə istinadən məlumatına görə, ölkənin nəqliyyat naziri bildirib ki, şəhər sakinləri metrodan, avtobus və trolleybuslardan pulsuz istifadə edə bilər.
Bununla belə, şəhərətrafı qatarlarda gedişhaqqı ləğv olunmayıb.
Qərar bu gün ərzində qüvvəyə minəcək və ancaq paytaxta şamil olunacaq, çünki başqa şəhərlərdə ictimai nəqliyyat şəxsi şirkətlərin əlindədir.
Nazir onu da deyib ki, gediş haqqının ləğvi bir az əvvəl bankların bir həftəlik bağlanması və bankomatlardan nəğd pul çıxarılmasının məhdudlaşdırılması ilə bağlıdır.
Yunanıstan hakimiyyəti belə hesab edir ki, belə bir şəraitdə vətəndaşların həyatını imkan daxilində yüngülləşdirməyə borcludur.
Bankları bağlamaq qərarı Yunanıstanın mümkün ola biləcək defoltu haqqında yayılan şaiyələrə görə qəbul olunmuşdu. Bu şaiyələr isə xarici kredit verənlərlə danışıqların növbəti mərhələsinin nəticəsiz sonluğunun ardınca yayılmağa başlayıb.
Banklar əhali arasında yayıla biləcək panika baş verdiyi təqdirdə böyük məbləğdə itkilərə yol verməmək məqsədi ilə bağlanıb.
Bankomatlardan nəğd pul çıxarılmasının məhdudlaşdırılması haqqında qərar Yunanıstanın xaricində buraxılan bank kartları sahiblərinə aid deyil.