Avropa siyasi və iqtisadi cəhətdən dünyanın mərkəzi olmaqla yanaşı, idman sahəsində də bu statusa sahib çıxmaq niyyətini dəfələrlə nümayiş etdirib. Olimpiya hərəkatının “köhnə qitə”də başlanmasını nəzərə alsaq, beynəlxalq idman dəyərlərini bütün dünyada yaymaq və inkişaf etdirmək məsuliyyəti də Avropanın üzərində olub.
Azərbaycan müasir dövrdə Avropa Olimpiya hərəkatının başlanğıc nöqtəsi oldu
Fransız zadəgan Pier De Kubertinin təşəbbüsü ilə keçirilən ilk müasir olimpiya oyunlarının əsas məqsədi və hədəfi idman dəyərləri vasitəsilə dünya xalqlarını bir-birinə yaxınlaşdırmaq, onlar arasında sülh və dostluq münasibətlərini inkişaf etdirmək idi. Şübhəsiz, olimpiada dünyanın ən güclü atletlərinin mübarizə meydanına çevrilən və xalqları bir araya gətirən ən mötəbər idman festivalıdır. Lakin 4 ildən bir il keçirilən bu forumla yanaşı, digər qitə miqyaslı multi-idman yarışları da hər zaman atletlər arasında rəqabət və idman dəyərlərinin təbliği baxımından böyük əhəmiyyət kəsb edib. Müasir olimpiya oyunlarının keçirilməsindən sonra bütün qitələrdə multi-idman Oyunları təşkil edildi. Pan Amerika Oyunları 1951, Sakit Okean Hövzəsi Oyunları 1963, Afrika Oyunları 1965, Asiya Oyunları 1978-ci ildən keçirilir. Avropa isə gözləyirdi.“Köhnə qitə” digər kontinentlərdən bu sahədə geri qalırdı. Uzun illər idi ki, Avropanın idman ictimaiyyətində Oyunların keçirilməsi barədə ideya var idi, lakin bunu reallaşdırmaq mümkün olmurdu. Nəhayət, Avropa Oyunlarının keçirilməsi barədə qəti qərar verildi. 2012-ci ilin dekabr ayında İtaliyanın paytaxtı Roma şəhərində keçirilən Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin 41-ci Baş Assambleyasında Avropa Oyunlarının keçirilmə tarixi və ev sahibi şəhəri seçildi. Dünya olimpiya hərəkatının fəal üzvlərindən olan Azərbaycan bu tarixi missiyanı öz üzərinə götürdü. Avropa Olimpiya Komitələrinin üzvlərinin böyük əksəriyyəti Bakı şəhərinin ev sahibliyini dəstəklədi.
Avropa Bakıya “amazing” və “fantastic” dedi
İlk Avropa Oyunlarına hazırlıq prosesi 2 il 6 ay müddətinə yekunlaşmalı idi. Çoxları buna inanmırdı, şübhələr var idi. Amma günlər keçdikcə, bu şübhələr aradan qalxdı.
Əsas diqqət, ilk növbədə, idman infrastrukturunun inkişafı, yeni təsisatlar və mövcud olan qurğuların yenidən qurulmasına yönəldi. Üstəlik, Oyunların keçirilməsi barədə verilən qərardan əvvəl də artıq Bakıda bir neçə möhtəşəm idman arenasının tikintisinə başlanmışdı. Yekunda, 20 idman növü üzrə keçirilən yarışlar 5 yeni arena da daxil olmaqla, ümumilikdə 21 obyektdə təşkil edildi. Avropanın 50 olimpiya komitəsinin 6000-dən artıq atleti 253 dəst medal uğrunda mübarizə apardı. İlk dəfə keçirilməsinə baxmayaraq, Oyunlara maraq böyük idi. Rusiya, Türkiyə, Fransa, Böyük Britaniya, İtaliya, Polşa, İspaniya, Ukrayna və digər ölkələr ən geniş nümayəndə heyətləri ilə təmsil olunmaqla yanaşı, ən güclü atletlərini Bakıya göndərdilər. Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya imkanları da Avropa Oyunlarının əhəmiyyətini bir qədər artırırdı. İyunun 12-də Bakı Olimpiya Stadionunda keçirilən möhtəşəm açılış mərasimi bütün dünyanı heyrətləndirməklə yanaşı, Oyunların yüksək səviyyədə keçiriləcəyindən xəbər verirdi. 17 günlük idman festivalı nəinki Azərbaycan və Avropada, eləcə də bütün dünyada böyük əks-səda doğurdu. Bu həyəcanın ünvanı isə Odlar Yurdu Azərbaycan idi. 150-dən artıq televiziya kanalının canlı yayımladığı Oyunları planetin 1 milyarddan artıq tamaşaçısı izlədi.
Avropanın Bakının hazırlığına verdiyi qiyməti “amazing” (heyrətamiz) və “fantastic” oldu.
Oyunların mirası
Oyunların mirası unudulmaz olacaq. Həm ölkəmiz, həm də Avropa üçün. Olimpiya standartlarına uyğun şəkildə təşkil edilən Avropa Oyunları innovativ yarış oldu. Burada bir çox yeniliklər tətbiq edildi və sınaqdan uğurla çıxdı. “Bakı -2015” brendi gələcək olimpiya oyunları üçün bir nümunəyə çevrildi. Bunu əsaslandırmaq üçün bir faktı demək kifayətdir. Dünya idman tarixində ilk dəfə olaraq gimnastikanın 6 növü üzrə yarışlar eyni məkanda və eyni vaxtda keçirildi. Milli Gimnastika Arenasının ev sahiblik etdiyi mübarizə artıq növbəti olimpiya oyunları çərçivəsində keçiriləcək gimnastika yarışları üçün uğurlu bir nümunə oldu və beynəlxalq federasiya bu təcrübəni yaxın gələcəkdə tətbiq etmək qərarına gəlib. Müxtəlif idman növləri üzrə təsis edilən və olimpiya standartlarına cavab verən qurğular növbəti mötəbər beynəlxalq yarışlar üçün hazır bazadır. Avropa Oyunlarının ən böyük töhfəsi yeni tamaşaçı mədəniyyəti və ənənəsinin əsasının qoyulması oldu. Oyunlarda arenalarda tamaşaçı iştirakı rekord göstəricilərə çatdı. Bu multi-idman festivalı Azərbaycanda idmanın kütləviliyinə böyük təkan verəcək. Gərgin rəqabət və baxımlı yarışlar, atletlərimizin uğurlu çıxışı, avropanın ulduz idmançılarının paytaxtımızda mübarizə aparması və s. - bütün bu amillər uşaq və yeniyetmələr arasında idmana olan marağı daha artıracaq.
Avropa Oyunları kimi mötəbər yarışa ev sahiblik insan kapitalı mirasını da qoydu. Oyunların Əməliyyat Komitəsində çalışan işçi heyətinin əksəriyyəti azərbaycanlılar idi, onların əcnəbilərlə əməkdaşlıqdan əldə etdiyi əvəzolunmaz təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi gələcəkdə ölkəmizdə keçiriləcək bu qəbildən olan idman tədbirlərinin təşkilinə böyük töhfə olacaq. 20 minə yaxın könüllünün Oyunlara cəlb olunması da Azərbaycanda yeni ənənənin əsasını qoydu. Odlar Yurdunun könüllülərinin “alov qoruyanlar” adlanması isə təsadüfi deyildi.
Avropa isə dünyaya öz multi-idman Oyunlarını Azərbaycanın timsalında möhtəşəmliyi ilə təqdim etdi.
Oyunlar Azərbaycanın idman ölkəsi olduğunu sübut etdi
290 atletlə təmsil olunan Azərbaycan yarışların yekununda 21 qızıl, 15 gümüş və 20 bürünc olmaqla, ümumilikdə 56 medal qazandı. Bu möhtəşəm göstərici qeyri-rəsmi komanda sıralamasında Azərbaycanı Rusiyadan sonra ikinci pillədə qərarlaşdırdı. Oyunlar Azərbaycanı idman ölkəsi kimi Avropaya və dünyaya bir daha tanıtdı. Qürurverici məqamlar çoxdur. Ölkəmiz dünyaya əfsanəvi idmançı da bəxş etdi. Dünya Karate Federasiyasının prezidenti Antonio Espinozun komandamızın üzvü, 4 qat dünya və 9 qat Avropa çempionu, döyüş növləri üzrə dünya oyunlarının çempionu və digər beynəlxalq turnirlərin qalibi Rafael Ağayevi Avropa Oyunlarında qazandığı zəfərdən sonra “karate dünyasının əfsanəsi” adlandırması fəxr ediləsi və unudulmaz anlardan oldu. Paytaxtımıza təşrif buyuran müxtəlif idman növləri üzrə dünya və olimpiya çempionları, mükafatçıları ilk Avropa Oyunlarında ab-havanın möhtəşəm olduğunu bildirdilər. Bakıda ulduz atletlərin qazanılan qələbədən sonra yaşadıqları sevinc anları isə olimpiya həyəcanını xatırladırdı. Onların da dediyi kimi, bu Avropa idmanının yeni tarixi idi.
Avropa Oyunları ərzində Azərbaycan cəmiyyəti öz daxili birliyini nümayiş etdirdi. Müəyyən xarici dairələrin təpkisi sərtləşdikcə, insanlar öz liderinin – İlham Əliyevin ətrafında daha sıx birləşdilər. Əslində, Avropa Oyunlarının keçirildiyi günlər həm də xalq-hakimiyyət vəhdətinin təcəssümünə çevrildi. Bu səbəbdən Avropa Oyunlarına kölgə salmağa cəhd edən dairələrin istəyi puç oldu və idman dəyərlərinin möhtəşəm zəfəri yaşandı.
Bakı-2015 Avropa idmanında yeni səhifə açdı.