Bununla bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən Belediyye.info saytına verilən məlumatda deyilir:
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir sıra bələdiyyələr tərəfindən meşə fondu torpaqlarının qanunsuz olaraq mülkiyyətə ayrılması hallarına yol verilməsi və həmin ərazilərdə tikinti işlərinin aparılması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.
Bildiririk ki, Torpaq Məcəlləsinin 31-ci maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, girov qoyulmasına (ipotekasına) və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. Meşə fondu torpaqları ilə həmsərhəd torpaqların istifadəçiləri öz torpaq sahələrində meşələrin yanğından və digər fəlakətdən mühafizə edən tədbirlər görməlidirlər.
Meşə Məcəlləsinin 11-ci maddəsinə görə Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən meşə təsərrüfatının idarə edilməsi və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi (və ya) meşə fondu torpaqlarının geri alınması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən həyata keçirilir.
İnzibati Xətalar Məcəlləsinin 70-ci maddəsinə əsasən meşə fondu torpaqlarının özbaşına tutulmasına və ya istifadə barəsində lazımi icazə olmadan həmin torpaq sahələrində tikinti işlərinin aparılmasına və ya digər işlərin görülməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.
Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə cinayət məsuliyyəti yaradır. Eyni zamanda, Məcəllənin 314-1-ci maddəsində vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qərar qəbul etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
Göstərilənlərin bələdiyyə üzvləri və qulluqçuları tərəfindən öyrənilməsini, meşə fondu torpaqlarının mühafizəsi ilə bağlı zəruri tədbirlərin görülməsini tövsiyyə edirik.