Cenevrə şəhərində BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu və Məcburi köçkünlər üzrə Xüsusi Məruzəçisi Çaloka Bəyani Azərbaycana səfərlərinin yekununa dair hesabatlarını İnsan Hüquqları Şurasının 29-cu sessiyasına təqdim edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, İşçi Qrupunun hesabatının təqdimatı zamanı Qrupun sədri Michael K. Addo səfər dəvətinə görə Azərbaycana təşəkkürünü bildirib. İşçi Qrupu ölkədə biznes və insan hüquqlarının tam təmin olunmasının qarşısında duran əsas maneənin məhz Dağlıq Qarabağ və onun ətraf ərazilərindəki münaqişə nəticəsində öz yurd-yuvalarını tərk etmiş qaçqın və məcburi köçkünlər məsələsi olduğunu qeyd edib.
Ermənistan nümayəndə heyətinin etirazına cavab olaraq M.Addo Ermənistan tərəfini BMT Baş Assambleyasının 62/243 (2008) saylı "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnaməsini nəzərdən keçirməyə çağırıb.
Çaloka Bəyani də hesabatın təqdimatı zamanı Azərbaycanda məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşması, onların yaşayış yerləri ilə təmin olunması sahəsindəki tərəqqini xüsusilə qeyd etmiş və hökumətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib. Xüsusi Məruzəçi, eyni zamanda, azərbaycanlı məcburi köçkünlərin məsələsini diqqət altında saxlayacağını bildirib.