2015/16 mövsümü öncəsi heyətini gücləndirməkdə davam edən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. “Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, şimal klubu mövsümlərarası fasilədə 9-cu transferi həyata keçirib.
“Qırmızı-qaralar” Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov və Aleksey Antonovdan sonra “İnter”in müdafiəçisi Vojislav Stankoviçi də heyətə cəlb edib. 28 yaşlı serbiyalı futbolçu yeni klubunda icarə əsasında çıxış edəcək. “Qəbələ” onu müqavilə ilə məxsus olduğu “İnter”dən 1,5 illik müddətinə icarəyə götürüb.
Qeyd edək ki, Stankoviç 2014/15 mövsümünün ikinci yarısında “İnter”in heyətində Premyer Liqada 12 oyun keçirib, 1 qola imza atıb.
Ölkəmizə gələnədək 5 il Serbiyanın “Partizan” klubunda çıxış edən Vojislav 2010-2015-ci illər ərzində Belqrad təmsilçisinin şərəfini qoruyub. Müdafiəçi karyerası ərzində “Dinamo” (Vranye, 2006-2008) və OFK (2009) klublarında da çıxış edib. 2010-cu ildə Serbiya millisinə çağırılan arxa xətt oyunçusu yığmada 1 oyun keçirib.