Prezident İlham Əliyev dünən xarici ölkələrə səfərlə bağlı sərəncam imzalayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, sərəncamda bildirilir ki, xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.
Millət vəkili Fazil Mustafa “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sərəncamda nəzərdə tutulan müqavilələrin bundan sonra imzalanması nəzərdə tutulur: “Hazırda heç bir ölkə ilə belə bir müqavilə bağlanmayıb. Bu dəyişiklik ilk olaraq MDB ölkələrinə tətbiq ediləcək. Ondan sonra hansı ölkələrlə ikitərəfli saziş imzalanarsa, onlara da şamil olunacaq”.
Deputat qeyd edib ki, ilk variantda viza tələbi olmayan ölkələr nəzərdən keçiriləcək: “Amma viza tələbi olan ölkələrlə də analoji müqavilə imzalana bilər. Türkiyə ilə aramızda viza tələbi var, əgər ikitərəfli müqavilə bağlanarsa, bu ölkəyə də şəxsiyyət vəsiqəsi ilə getmək mümkün olacaq”.