“Azərbaycan hökümətinin pulla ələ alınmış erməniləri var və onlardan istifadə edirlər. Həmin bu İqor da onlardan biridir. Onun adından yayılan məlumatı, Məşədi İbadın dediyi kimi, “Tarixi-nadir”i axıra qədər oxusam da, dəqiq başa düşə bilmədim. Hər halda, belə məlum oldu ki, ən azı 10 il bundan öncə (çünki H.Əliyevin ölümündən 10 il keçir) mən Muradyan adlı heç kimin tanımadığı bir adamla görüşüb, Əliyev haqqında məlumat toplamaq istəmişəm. O Muradyandan ki, nə Əliyevin yanında köməkçi işləməyib, nə də Ermənistan hökümətində bir vəzifəsi olmayıb. Özü də Azərbaycandan gəlmiş hansı isə Əli, Vəli yox, Əliyevi yaxşı tanıyan mən – Rəsul Quliyev. Və guya bu İqor orada elə şeylər deyib ki, mən həyəcanlamışam. Çox maraqlıdır, mənim ölkədəki mövcud ictimai siyasi vəziyyət və Əylislinin kitabına münasibətim də yer alan, eyni zamanda hakimiyyəti sərt tənqid edən video-açıqlamam Amerika vaxtı ilə gecə saat 12-də youtube-də yerləşdirilib. Bu açıqlamamda Azərbaycan hökümətinin 2013-cü ildə seçkiləri necə saxtalaşdıracağının anatomiyası açılıb.İkinci hissədə ermənilərin özlərinə necə saxta tarix yaratdıqları obyektiv şəkildə izah olunub. Bundan dərhal sonra - 12 saat ərzində İqor tapılıb və belə bir ağılsız məlumat yayılıb.
Birincisi, Azərbaycan torpaqlarının azad olması, regionda əmin amanlıq yaranması naminə mən istənilən təsir gücünə malik erməni ilə istənilən vaxt görüşməyə hazıram, bu işi dövlət maraqları çərçivəsində edərəm və heç vaxtda xalqdan gizlətmərəm. İkincisi, həmin və ya o ranqlı adamlarla heç vaxt görüşməmişəm və bundan sonrada görüşmərəm. Üçüncü, həmin adamı axtarıb tapsınlar, əgər varsa, telefon və ya skyp konfransı təşkil edilsin, görək o mənimlə necə və harada görüşüb, Əliyev barədə hansı məlumat verib ki, məni həyəcana salıb”.
***
Eks spikerin bu reaksiyasna APA-da münasibət yayıb. Həmin münasibəti də təqdim edirik:
"Qeyd edək ki, APA-nın tamamilə xəbər prinsipinə əsaslanaraq, yaydığı açıqlamanı Rəsul Quliyevin belə şübhə altına alması təəssüfedicidir. Çünki APA xəbərin mənbəyini göstərib.
Burda çox yüksək siyasi və innovativ bilik sahibi olmağa ehtiyac yoxdu. Sadəcə, bir neçə dəqiqə səbrli olub, məsələni araşdırmaq, mənbəni tapıb, mətnlə tanış olmaq, sonra münasibət bildirmək daha məqsədəuyğun olardı. Biz bu asan və mümkün yolu bir dəfə yazaq ki, hörmətli Rəsul müəllim gələcəkdə neyləmək lazım olduğunu bilsin.
Dünyada müxtəlif online axtarış sistemləri var. Məsələn, onların ən məşhuru olan və Rəsul Quliyevin də anladığı dillərin hamısında fəaliyyət göstərən google axtarış sistemində APA-nın xəbərinə istinad etdiyi www. lragir.am saytının ünvanını tapmaq mümkündür. Ordan isə xəbəri oxuyub (saytın erməni dili ilə yanaşı, rus və ingilis dili versiyaları da var), APA-nn bu xəbəri “icad eləmədiyini” və “səsləndirmədiyini” anlamaq mümkün olacaq.
Sonra “Bu nə saytdı belə” sualı yaranırsa, yenə də həmin axtarış motorları vasitəsilə Ermənistan saytlarının reytinq göstəricilərinə baxıb, bu ölkənin xəbər top listində bu saytın 16-cı yerdə dayandığını da öyrənmək olur.
Sonra “həmin adamı axtarıb tapsınlar, əgər varsa” kimi ifadə işlədib, biabır olmamaq üçün yenə axtarış motorlarına bir “İqor Muradyan” yazmaq mümkündü. Onda məlum olur ki, belə bir adam var. O, həm də Ermənistan Ədliyyə Nazirliyində rəsmən qeydiyyatdan keçmiş Milli Təhlükəsizlik Partiyasının sədridir. Yəni, bu qədər asan və sadə...
Digər tərəfdən Rəsul Quliyev əvvəlcə “Azərbaycan hökümətinin pulla ələ alınmış erməniləri var və onlardan istifadə edirlər. Həmin bu İqor da onlardan biridir” deyir. Sonra isə “həmin adamı axtarıb tapsınlar, əgər varsa” söyləyib şübhəyə düşür. Türklər demiş, bir az saçma oldu. Əgər Rəsul Quliyev belə bir adamın olmağından xəbərsizdisə, onun “Azərbaycan hökümətinin pulla ələ aldığı erməni” olduğunu hardan bilir? Yox, bunu bilirsə, onda, deməli, bu adamı tanıyır. Bu dəfə də iki mümkün arqument var: ya keçmişdə hakimiyyətdə olduğu zamanlar özü ələ alıb, ya da onunla olan görüşünü onun əleyhinə olan zamanda açıqladığı üçün belə qənaətə gəlib.
Bütün hallarda vəziyyət Rəsul Quliyevin əleyhinədi, APA-nın yox... "