Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və Elmi-Dini Şurası Birinci Avropa Oyunlarında iştirak edən idmançılarımızın oruc tutması ilə bağlı fətva verib.
Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, fətvada bildirilir ki, bu il orucluq Birinci Avropa Oyunlarının gərgin yarışlar dönəminə təsadüf edir. Ramazanda idmançı rəqib qarşısında daha qüvvətli və şücaətli olmaq üçün oruc tutmaya bilər. Bununla bağlı səhih mənbələrdə bildirilir ki, belə səbəblərdən oruc tutmayan şəxslər onun qəzasını orucluqdan sonra yerinə yetirməlidirlər. Çünki, rəqiblə idman meydanında aparılan mübarizədə qalib gəlmək, Vətənin şərəfini qorumaq, bayrağını ucaltmaq – vacib və savab əməllərdəndir.