Astara şəhərində Qurtuluş Gününə həsr edilmiş möhtəşəm bayram konserti baş tutub. Astara şəhər İcra Hakimiyyəti və “AAAF Park” Yaşayış Kompleksinin birgə təşkilatçılığı ilə Astaranın Dənizkənarı Park Bulvar Kompleksində yerləşən “AAAF Park Astara” İstirahət və Əyləncə Mərkəzində baş tutan konsert hər kəsə bayram sevinci yaşadıb.
Üç saat davam edən konsertdə aşıq və muğam ifaçıları, cənub regionunun tanınmış müğənniləri çıxış etdilər, skripka ifa olundu, rəqs qruplarının nümayişi uşaqdan-böyüyə hər kəsin əylənərək, sevinməsinə səbəb olub.
Astara şəhəri, Gənclər küçəsindəki 20 hektar ərazidə inşa edilən “AAAF Park Astara”da süni şəlalələr, “Limuland” açıq və qapalı uşaq əyləncə mərkəzi, açıq fitnes meydançası, kafe-çay evi, “Zirvə” Uşaq İdman Akademiyası, uşaq əyləncə attraksionları fəaliyyət göstərir. Astara sakinlərinin sonsuz rəğbətini qazanmış “AAAF Park Astara”da “Astara Towers”, 5 ulduzlu “Tuado” oteli, hovuz və SPA mərkəzi, çimərlik kompleksi, ağır atletika, boks və taekvondo mərkəzləri, villalar, 4 və 5 mərtəbəli binaların inşaası da nəzərdə tutulur.
Xatırladaq ki, bu ilin aprel ayının 11-də ölkə başçısı Astara şəhərində səfərdə olarkən “AAAF Park Astara” layihəsi ilə tanış olmuş, layihədən razılığını dilə gətirən prezident görülən və görüləcək işlərdən məmnunluğunu bildirərək tapşırıq və tövsiyələrini vermişdi.