YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı mətbuata açıqlamasında deyib ki, hazırda “EL” hərəkatına rəhbərlik edən Eldar Namazov vaxtilə hakimiyyətə yaxınlaşmağa cəhd göstərib. Amma cəhdi uğursuz alınıb.
Eldar Namazov isə Mübariz Qurbanlının söylədiklərinin yalan olduğunu, onun öz adətinə sadiq qalaraq, başqalarına böhtan atdığını bildirib.
“Qafqazinfo” azadliq.ino-ya istinadən xəbər verir ki, 1999-cu ildə könüllü şəkildə istefa ərizəsi yazaraq, bu hakimiyyətdə tutduğu vəzifədən imtina etdiyini deyən Eldar Namazovun sözlərinə görə, o vaxtdan bəri hakimiyyətlə prezident səviyyəsində yalnız bir dəfə əlaqəsi olub: “Heydər Əliyevin tapşırığıyla dövlət komitələrindən birinin rəhbəri (bu gün də həmin vəzifədədir) və hakim ailəyə çox yaxın olan şəxs yanıma gələrək bildirdi ki, Heydər Əliyevin mənə təklifi var. O, Heydər Əliyevin adından dedi ki, Eldar Namazovla ya dost ola bilərik, ya da düşmən. Bizim orta münasibətlərimiz ola bilməz. Ona görə də gedin, Eldar Namazova təklif edin ki, əgər dostdursa, qayıtsın. Mən ona əvvəlkindən də daha yüksək vəzifə təklif edirəm. Qayıtmasa, deməli, düşməndir. O adama dedim ki, mənim həmin komandaya qayıtmaq fikrim yoxdur. Aparılan siyasətlə bağlı Heydər Əliyevə həm yazılı, həm də şifahi şəkildə münasibətimi bildirmişəm və bu siyasətlə, bu komanda ilə razı olmadığıma görə də öz yolumla getmək qərarına gəlmişəm. Onda həmin komitə sədri mənə dedi ki, sizə qarşı böyük hücumlar başlayacaq. Dedim ki, bunu özləri bilərlər, mən qərar vermişəm və onu dəyişmək fikrim yoxdur”.
Eldar Namazovun sözlərinə görə, bu görüşdən iki gün sonra dövlət qəzetlərində ona qarşı qarayaxma kampaniyası başlayıb. Vəziyyət o həddə çatıb ki, onu hərbi xidmətdə olan övladı ilə şantaj etməyə başlayıblar: “Elə həmin günlərdə hərbi hissədən zəng gəldi ki, oğluma qarşı təxribat var. Onun qarşısını alan zabitlər işdən azad olundular. Çünki şərəflərini qoruyub bu çirkin işlərdə iştirakdan imtina etmişdilər. Görün bunlar hansı çirkin üsullara əl atırlar...”
Vəzifədən istefa verdiyi ötən 14 il ərzində hakimiyyət nümayəndələrilə bundan başqa heç bir əlaqəsinin olmadığını deyən Eldar Namazov Mübariz Qurbanlı və onun kimilərə xəbərdarlıq etdi: “Mübariz Qurbanlı kimi yalana, böhtana adət edənlər götür-qoy eləsinlər ki, bu cür kampaniyalara görə nə vaxtsa cavab verməli olacaqlar”.