Fövqəladə Hallar Nazirliyi dünən 28 May metrosu yaxınlığında baş verən yanğın hadisəsinin fəsadları ilə bağlı məlumat yayıb. Bakı şəhəri, Nəsimi rayonunda “AMİN” MTK tərəfindən tikintisi davam etdirilən çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində taxta qəliblər 2000 kv.m sahədə, yaxınlıqda olan üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 150 kv.m olan altıotaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları, 2-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan beşotaqlı mənzilin mətbəxinin tavanı 12 kv.m sahədə, habelə vətəndaşa məxsus “Ford” markalı yük avtomobilinin qabaq və salon hissələri, digər vətəndaşa məxsus “Skoda” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Üçmərtəbəli yaşayış binasının qalan hissəsi, bitişik yaşayış evləri və yaxınlıqda olan bazar yanğından mühafizə olunub. Yanğın saat 22:30-da yanğısöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri də cəlb olunub. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, yanğınını söndürülməsinə kömək ediblər.