Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Jurnalistlər Şəbəkəsi (AJN) İctimai Birliyi ilə birgə “Azərbaycanda futbol jurnalistikasına dəstək” layihəsi çərçivəsində idman jurnalistləri üçün nəzərdə tutulmuş təlimlərin ikinci mərhələsini başa vurub.
Britaniyalı təlimçi Den Meyson (Dan Mason) tərəfindən aparılan iki günlük mobil multimedia təlimlərində idman sahəsində ixtisaslaşmış, xüsusilə futboldan yazan jurnalistlərə multimediadan effektiv istifadəyə dair bilik və bacarıqlar öyrədilib.
Bu layihənin əsas məqsədi milli mətbuatda futbol üzrə ixtisaslaşan jurnalistlərin bilik və bacarıqlarını təkmilləşdirərək beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına dəstək olmaqdır. Bundan başqa, xüsusi təlim proqramı vasitəsilə jurnalistlərin futbol xəbərlərini yerli auditoriyaya daha yaxşı şəkildə çatdırması üçün müasir medianın bütün üstünlükləri barəsində onlara məlumatlar vermək, eləcə də praktik məşğələlərlə yeni biliklər öyrətməkdir.
İki ay davam edən layihədə 4 günlük təlim sessiyası və 6 həftəlik onlayn təlimlər keçirilir. Futbol mövzuları üzrə təlimlər yerli mütəxəssislər və multimedia üzrə təlimlər isə yeni media üzrə britaniyalı mütəxəssis tərəfindən keçirilib.
Təlimin bağlanış mərasimi iyul ayında Milli Mətbuat Günü ərəfəsində keçiriləcək və iştriakçılara sertifikatlar paylanacaq. Onlayn tapşırıq və təlimləri müvəffəqiyyətlə başa vuran iştirakçılardan biri Mançesterə yollanacaq.