İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında nəzarət tədbirlərini daimi olaraq həyata keçirir. Avropa oyunları ilə əlaqədar olaraq nəzarət tədbirləri daha da gücləndirilib.
Bu barədə AzVision.az-a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, nəzarət tədbirlərinə bazara çıxarılan məhsulların keyfiyyəti və süni qiymət artımının qarşısının alınması məsələləri daxildir.
Mətbuat katibi bundan əlavə yay mövsümünə görə sərinləşdirici içkilər və dondurma bazarına da cidd nəzarət edildiyini diqqətə çatdırıb.
“Tədbirlərin intensivliyi bütövlükdə yay mövsümü başa çatana qədər davam edəcək. Sərinləşdirici içki və dondurmaların özünəməxsus saxlanma şəraitləri var. Saxlanma şəraitinə əməl olunması həmin məhsulları istehlakçılara təqdim edən şəxlərin borcudur. Biz bununla əlaqədar olaraq maarifləndirici məlumat kitabçaları hazırlamışıq. Buna diqqət yetirilməsi üçün həmin broşürləri istehlakçılar və satıcılar arasında yayırıq”.
Nazirlik rəsmisi indiyədək qanun pozuntusuna rast gəlinmədiyini vurğulayıb: “Əgər bu cür hallar baş verərsə, qanunvericiyiyə uyğun tədbirlər görüləcək”.