Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 6-da Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələrinin statistik göstəricilərini açıqlayıb.
“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, 9-cu sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib.
Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi (inşa) yerinə yetiriblər. İmtahanın ümumi müddəti iki saat müəyyən edilib, test tapşırıqlarının yerinə yetirilməsinə 1,5 saat, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.
İmtahanda iştirakı nəzərdə tutulan 29382 şagirddən 410 nəfəri imtahana gəlməyib, 2 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 28970 şagirdin imtahan nəticələri yerləşdirilib.
İştirakçılardan 50 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.
11-ci sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilmişdir. Bundan əlavə, şagirdlərə təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirmək təklif olunub. İmtahanın ümumi müddəti iki saat müəyyən edilib, test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.
İmtahanda iştirakı nəzərdə tutulan 24774 şagirddən 364 nəfəri imtahana gəlməyib, 17 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 24393 şagirdin imtahan nəticələri yerləşdirilib.
İştirakçılardan 37 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.
Buraxılış imtahanında iştirak etmiş 9-cu sinif şagirdlərinin 6229 nəfəri (21,65 faizi) ana dili fənni üzrə, 7746 nəfəri (26,74 faizi) riyaziyyat fənni üzrə “2" qiyməti alıb. Şagirdlərin 12 933 nəfəri (44,96 faizi) ana dili, 11 475 nəfəri isə riyaziyyat (39,61 faizi) riyaziyyat fənnindən ”3" qiyməti alıblar. Məzunların 57 82 nəfəri (20,10 faizi) ana dilindən, 6052-si (2089 faizi) riyaziyyat fənnindən “4", 3821 nəfər (1328 faizi) ana dilindən, 3697 nəfər (12,76 faizi) isə riyaziyyat fənnindən ”5" qiyməti alıb.
Qeyd edək ki, tədrisi ingilis, gürcü dillərində olan orta məktəblərdə ana dili fənni üzrə yekun qiymətləndirmə orta ümumtəhsil müəssisəsi tərəfindən aparılır.
Buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 5075 nəfəri (20,92 faizi) ana dili fənni üzrə, 5373 nəfəri (22,03 faizi) riyaziyyat, 4695 nəfəri (19,45 faizi) xarici dil, 56 nəfəri (22,49 faizi) isə kimya fənni üzrə “2" qiyməti alıb.
İmtahanda iştirak edənlərin 8878 nəfəri (36,60 faizi) ana dili fənni üzrə, 8569 nəfəri (35,13 faizi) riyaziyyat, 10 480 nəfəri (43,41 faizi) xarici dil, 148 nəfəri (59,44 faizi) isə kimya fənni üzrə “3" qiyməti alıb.
Məzunların 5942 nəfəri (24,50 faizi) ana dili fənni üzrə, 6868 nəfəri (28,16 faizi) riyaziyyat, 5236 nəfəri (21,69 faizi) xarici dil, 31 nəfəri (12,45 faizi) kimya fənni üzrə “4" qiyməti alıb.
İmtahan verən XI sinif şagirdlərinin 4361 nəfəri (17,98 faizi) ana dili fənni üzrə, 3583 nəfəri (14,69 faizi) riyaziyyat, 3733 nəfəri (15,46 faizi) xarici dil fənni, 14 nəfəri (5,62 faizi) isə kimya fənni üzrə “5" qiyməti alıb.
XI sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilmişdir. Bundan əlavə, şagirdlərə təqdim edilən mövzu üzrə yazı işi yerinə yetirmək təklif olunub.
Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dil (xarici dil tədris olunmayan məktəblərin şagirdləri üçün kimya) fənnindən isə 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
Qeyd edək ki, imtahanlar Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuzda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.
Həmin gün Azərbaycan və rus bölmələri üzrə təhsil alan şagirdlərlə yanaşı, Bakı şəhərinin Səbayel və Nərimanov rayonlarında yerləşən və təhsili ingilis dilində olan orta məktəblərin, həmçinin Zaqatala, Qax və Balakən rayonlarında yerləşən və tədrisi gürcü dilində olan orta məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər də buraxılış imtahanı veriblər.